Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb
# 06 dekabr 2012 11:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirləri ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkədə İKT sektorunun mövcud vəziyyəti, bu sahədə aparılan islahatlar və gələcək perspektivlər barədə xarici ölkə səfirlərini məlumatlandırıb. Azərbaycanın hazırda yeni inkişaf mərhələsində olduğunu diqqətə çatdıran nazir «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının hazırlandığını və informasiya texnologiyalarını daha da inkişaf etdirməklə, biliklərə əsaslanan iqtisadiyyatın formalaşdırılması, gələcək 8-10 il ərzində qeyri-neft sektorunun inkişafını təmin etməklə, ölkədə ÜDM-in həcmini 2 dəfə artırmaq məqsədinin qarşıya qoyulduğunu bildirib: «Hədəf olaraq, iqtisadiyyatda neft amilini minimuma endirmək, İKT-nin gələcək 10 ilə - hər il təxminən 20% artımını təmin etmək, beləliklə, 2020-ci ilə qədər İKT sektorunun həcminin təxminən 4 dəfə genişləndirilməsi nəzərdə tutulur».

Nazir qeyd edib ki, bu məqsədlərə nail olunması istiqamətində müəyyənləşən strategiyaya uyğun olaraq, ilk növbədə ölkədə internetin hərtərəfli inkişafını təmin etmək - genişzolaqlı, sürətli internetin istifadəsini, həcmini gələcək 3 ildə 85%-ə, minimum sürətini 10 Mbit/saniyəyə çatdırmaq planlaşdırılır: «Dövlət Neft Fondu ilə birlikdə reallaşdırılması nəzərdə tutulan bu layihə əsasən optik şəbəkə üzərindən həyata keçiriləcək. Bundan başqa, hədəfimiz ölkədə İKT-nin inkişafı üçün münbit şəraitin yaradılması, rəqabət mühitinin yaxşılaşdırılması, monetar, pul-kredit, eləcə də vergi-gömrük siyasətinin yumşaldılmasıdır». Bununla da ölkədə yeni məhsul və xidmətləri təklif edən, ixracyönümlü potensiala malik innovativ sahibkarlığın inkişafına təkan veriləcəyini vurğulayan nazir Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsi, artıq bu məqsədlə Yerüstü İdarətemə Mərkəzinin tikilməsi, növbəti ilin fevral ayında orbitə ilk süni peykin buraxılması, ölkədə elektron xidmətlərin genişləndirilməsi və s. kimi mühüm layihələrdən də danışıb: «Növbəti illərdə də Azərbaycan hökuməti «Elektron Hökumət» layihəsinə böyük diqqət yetirəcək. Hesab edirik ki, 2020-ci ildə Azərbaycanda təxminən əhalinin 80%-i elektron xidmətlərdən istifadə edəcək. İxracyönümlü, yeni və yüksək texnologiyalara əsaslanan məhsul və xidmətlərin istehsalı üçün hökumət gələcəkdə investisiyaların həcmini artırmağı da planlaşdırır və bunun üçün 2020-ci ilə qədər təxminən 3,6 mlrd. ABŞ dolları xərclənməsi nəzərdə tutulur. Həmçinin sektorun inkişafına birbaşa xarici investisiyalar və özəl sektordan təxminən eyni miqdarda investisiyanın yatırılmasını gözləyirik. Belə bir vaxtda Avropa İttifaqı bizim üçün çox vacib tərəfdaşdır».

Avropa İttifaqının da 2020-ci ilə qədər inkişaf strategiyasının mövcud olduğunu vurğulayan Ə.Abbasov burada da gələcək iqtisadi inkişafın təminatçısı olaraq İKT sektoruna önəm verildiyinə diqqət çəkib.

Sonra Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia İKT sahəsində nüfuzlu beynəlxalq tədbir olan VII İnternet İdarəçilik Forumuna Azərbaycanın ev sahibliyi etməsini böyük uğur kimi dəyərləndirib. Ölkələr arasında bu qəbildən olan dialoqların təşkilini də önəmli sayan səfir İKT sektorunda əldə olunan təcrübənin bölüşdürülməsinin gələcək inkişafda səmərə verəcəyini də vurğulayıb: «Belə görüşlər Azərbaycanla əməkdaşlıq üçün yeni yollar açır. Həmçinin, «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyasının mövcudluğu da önəmlidir ki, Avropa İttifaqı Azərbaycanın gələcək perspektivləri, o cümlədən də İKT sahəsində planları ilə tanış ola bilsin. İstəyirik ki, ikitərəfli əməkdaşlıq davamlı olsun».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR