Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 7% azalıb

Azərbaycanın gəlirlər üzrə mənfi saldosu 7% azalıb
# 14 dekabr 2012 13:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2012-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında əks etdirilən gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 5 148,6 mln. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 4 290,0 mln. dolları və ya 83,3%-i Azərbaycandan aparılan ödənişlər təşkil edib, 858,5 mln. dolları və ya 16,7%-i ölkəyə daxil olan gəlirlərlə bağlı olub.

Beləliklə, 2012-ci ilin ilk 9 ayı üzrə gəlirlər üzrə tədiyyə balansında 3 431,5 mln. dollar məbləğində mənfi saldo yaranıb ki, bu da əvvəlki ilə nisbətən 7,3% azdır. Göründüyü kimi, ümumilikdə gəlirlər üzrə Azərbaycandan olan ödənişlər ölkəyə daxil olan ödənişləri 5 dəfə üstələyib.

Azərbaycandan aparılan ödənişlərin əsas hissəsini (3,3 mlrd. dollar) beynəlxalq neft-qaz konsorsiumlarının xarici investorlarının payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qeyri-rezidentlərə ödənilmiş əmək haqları (133,0 mln. dollar) və xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (231,4 mln. dollar) təşkil edib.

Gəlirlər üzrə mənfi saldonun 3 288,3 mln. dolları və ya 95,8%-i neft-qaz sektoru, 143,2 mln. manatı və ya 4,2%-i isə digər sahələrin payına düşüb. Neft-qaz sektoru üzrə ödənişlər daxilolmaları 27,8 dəfə üstələyib (ödənişlər 3 411,0 mln. dollar, daxilolmalar 122,7 mln. dollar olub). Digər sahələr üzrə həmin nisbət cəmi 19,5%-dir (ödənişlər 879,0 mln. manat, daxilolmalar 735,8 mln. manat).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR