® Azərbaycanda ilk dəfə startaplar müsabiqəsi başlayır

<font color=red>® </font>Azərbaycanda ilk dəfə startaplar müsabiqəsi başlayır
# 13 noyabr 2012 07:00 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bazarlardakı mövcud şərtlər və gələcək perspektivlərə əmin olmayan iş adamlarını mənfəətin dərhal əldə edilməsinə vadar edən reallıqların yaşandığı müasir dövrdə “İnfipro İnc.” şirkətinin fəaliyyəti müsbət mənada təəccüb hissi yaradır. Bazarda özünü sübut etməyə müvəffəq olan bu biznes qurumu (şirkətin layihələri və fəaliyyəti haqda məlumatı http://infipro.az saytından əldə etmək olar) Azərbaycan bazarında bilavasitə vençur maliyyələşdirmə ilə, başqa sözlə, innovasiya layihələrinə uzunmüddətli və yüksək riskli investisiyalar ilə məşğul olan ilk şirkətdir.

“İnfipro İnc.” şirkətinin icraçı direktoru Eldar Abbasovun dediyinə görə, şirkət istedadlı və yaradıcı insanlara planlarını həyata keçirmək və arzularını yerinə yetirmək üçün imkanlar yaradır: “Biz perspektivdə proqressiv və sürətli artım və mənfəət göstəricilərinə malik olan maraqlı və innovasiya xarakterli startapları, ideya və ya məhsulları kəşf edirik”.

“Baku Startup Competition 2012” müsabiqəsinin başlanğıcında dayanan məhz “İnfipro İnc.” şirkəti olub. Sözügedən müsabiqə çərçivəsində namizədlər öz biznes layihələrini ideyanın ilkin sınaq mərhələsində və ya artıq istehsalına başlanmış məhsul səviyyəsində təqdim etmə imkanına malikdirlər. Qaliblər 10 000 AZN-dən 100 000 AZN məbləğinə qədər investisiyalar əldə edəcəklərinə əmin ola bilərlər.

Əhəmiyyət kəsb edən fakt bundan ibarətdir ki, ideyalarını satışa çıxaran müsabiqənin potensial qalibləri həm biznes ortağı olaraq qalır, həm də investor şirkət ilə tərəfdaşlıq əlaqələri qururlar. E.Abbasov: “Biz müsabiqə üçün bir neçə kateqoriya seçdik. Bunlar internet ticarəti, oyunlar, proqram təminatı və sosial şəbəkələr ilə məhdudlaşmayan sosial kateqoriyadan ibarətdir”.

İnvestor şirkət risklərin mühüm, xüsusilə maliyyə hissəsini öz üzərinə götürdüyündən, namizədlərdən gələcək layihə haqda dəqiq təsəvvür və işə tam şəkildə cəlb olunma tələb edilir. “İnfipro İnc.” şirkətinin investisiyalar üzrə meneceri Leyla Rəhimovanın sözlərinə görə, təqdim edilməsi zəruri olan əsas məlumatdan başqa (fəaliyyətin mühüm istiqamətləri, xidmət və ya məhsulun müfəssəl təsviri, nəzərdə tutulmuş xərclərin strukturu) namizədlər öz biznes layihələrini inandırıcı və sadə şəkildə təqdim etməlidirlər: “Bəzən yaxşı ideyalar zəif təqdimat səbəbindən investorların diqqətindən kənarda qalır. Buna yol verməmək üçün namizədlər öz ideyalarını yüksək səviyyədə təqdim etməli, özləri və komandaları haqqında danışmağı bacarmalı, biznes-plan hazırlamalı, məhsulun rəqabət qabiliyyətini və məqsədli auditoriyanı dərk etməlidirlər”.

Müsabiqənin təsisçiləri tərəfindən biznesin inkişaf perspektivləri və qoyulmuş məqsədlərdən asılı olaraq mərhələli maliyyələşdirmə imkanı da nəzərdən keçirilir. Həmçinin namizədlə “İnfipro İnc.” arasında müəllif hüquqlarının qorunması məqsədilə yayılmama haqqında müqavilə imzalanacaq. Digər məsələlərdə isə müsabiqə və onun nəticələri tamamilə şəffaf tədbir kimi nəzərdə tutulub. Qaliblər və onların məhsulları barədə məlumat mətbuatda və şirkətin saytında əks olunacaq.

Ərizələrin qəbulu 25 dekabr 2012-ci il tarixinə qədər davam edəcək. Bunun üçün www.infipro.az/bsc2012 saytında qeydiyyatdan keçmək və ərizə formasını doldurmaq lazımdır. Əlavə məlumat almaq məqsədilə [email protected] ünvanına müraciət etmək olar. Təqdimatların nəzərdən keçirilməsinin yekunlarına görə üç finalçı müəyyən olunacaq və gələn ilin əvvəlində artıq Baku Startup Competition 2012 müsabiqəsinin qalibi elan ediləcək.

Hazırda dünyada böyük sayda startap müsabiqələri keçirilməkdə və startaplardan bəziləri çoxmilyonlu layihələrə çevrilməkdədir. “Skype” vasitəsilə zənglər, “Twitter” və “Facebook”-da qeydlər, “YouTube”-da çarxların seyr edilməsi – bütün bunlar gündəlik həyatın ayrılmaz bir hissəsinə çevrilib. Çox vaxt bunlardan bəzilərinin təsadüfi və ya hadisələrin cərəyanı nəticəsində meydana gəlməsinə baxmayaraq, hər biri müəyyən ideya əsasında yaranıb. Məhz ideyanın mövcudluğu Azərbaycan sahibkarlarına öz fikirlərini müvəffəqiyyətlə təqdim etmək və investorları istehsal etdikləri məhsulun gərəkli olduğuna inandırmaq üçün imkan verir. Azərbaycan internet layihələrinin son illərdə aktiv inkişafına baxmayaraq, bu seqment hələ ki, rüşeym vəziyyətində olaraq qalır. Bu səbəbdən “İnfipro İnc.” şirkətinin təşəbbüsü və bu şirkət tərəfindən təsis edilmiş “Baku Startup Competition 2012” müsabiqəsi həm bazarın inkişafı, həm də seçilmiş layihələrin həyata keçirilməsinə mühüm dəstək olacaq. Bu müsabiqəyə təşkilatı dəstək dünyada tanınmış kompaniyalardan biri olan “Microsoft” şirkəti tərəfindən həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR