Bakı. Könül Cəfərli - APA. “İranın nüvə proqramı ətrafında yaranmış gərginlik diplomatik yolla həll olunmalıdır”. APA-nın məlumatına görə, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) icraçı direktoru Yukiya Amano bildirib.
Onun sözlərinə görə, agentlik bu istiqamətdə səylərini davam etdirir: “Hazırda İranın bütün nüvə fəaliyyətləri AEBA-nın nəzarəti altındadır. Agentlik özü bu fəaliyyətin sülh məqsədli olduğunu araşdıraraq təsdiqləyə biləcək”.
Y.Amano İranla “altılıq” ölkələri arasında nüvə müzakirələrinin dayanmasından da narahat olduğunu söyləyib: “Problemin uzlaşma yolu ilə həlli üçün müzakirələrin davam etdirilməsi vacibdir”. Agentliyin icraçı direktoru əlavə edib ki, dekabrın 13-də Tehranda İranla AEBA arasında növbəti nüvə müzakirələri keçiriləcək: “Tərəflər arasında bir həll yolu tapılacağına ümid edirəm”.