Əli Əkbər Salehi: “İran Suriya rəhbərliyinin Qərbin ssenarisi ilə devrilməsinə imkan verməyəcək”

Əli Əkbər Salehi: “İran Suriya rəhbərliyinin Qərbin ssenarisi ilə devrilməsinə imkan verməyəcək”
# 17 dekabr 2012 07:38 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İran Suriya rəhbərliyinin Qərbin ssenarisi ilə devrilməsinə imkan verməyəcək”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Nazir Suriya ilə bağlı hər cür hərbi variantı və bu ölkənin rəhbərliyinə qarşı silahlı qarşıdurmanı davam etdirən üsyançılara silah verən ölkələrin mövqelərini kəskin şəkildə tənqid edib: “Həmin üsyançılar Qərb ölkələri və onların bölgədəki bəzi müttəfiqləri tərəfindən silahlandırılır və öyrədilir. Bu vəziyyət açıq şəkildə beynəlxalq konvensiyalara və insani dəyərlərə ziddir, eyni zamanda Suriya xalqı və dövlətinə qarşı düşmənçilik aparmaqdır”.

Ə. Salehi deyib ki, Suriyada müdafiəsiz vətəndaşlara qarşı silahlı qruplaşmaların cinayətlərinin dayandırılması lazımdır: “BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi, Misir və Səudiyyə Ərəbistanı ilə Suriya ilə bağlı görüşlər davam etdirilir. İran artıq məsələ ilə bağlı 6 maddəlik təkliflər paketi də təqdim edib”.

Nazir beynəlxalq təşkilatların Suriya əleyhinə nəşr etdikləri məlumatları da tənqid edib: “Burada məqsəd Suriya rəhbərliyi və xalqına qarşı təzyiqi artırmaqdır”.

Ə. Salehi həmçinin vurğulayıb ki, Suriya xalqı öz prezidentini seçmək haqqına sahibdir və xarici qüvvələr bu məsələdə Suriya xalqına təzyiq göstərə bilməzlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR