Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib - FOTOSESSİYA

Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi  keçirilib    - <span style="color: red;">FOTOSESSİYA
# 13 noyabr 2012 10:22 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərlik ibarət nümayəndə heyəti iştirak edir.

Nümayəndə heyətinə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu daxildir.

Noyabrın 12-də rəsmi nümayəndə heyəti ilə Moldovanın Mədəniyyət Nazirliyində görüş keçirilib. Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkələrimiz arasında mədəni əməkdaşlığa yeni təkan verəcəyini bildirən Moldovanın mədəniyyət naziri Boris Fokşa tədbirin əhəmiyyətindən danışıb. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nümayəndə heyəti adından səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək Azərbaycanla Moldova arasında mədəni əlaqələrin vəziyyəti barədə fikirlərini bildirib. Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilərək Azərbaycanın əzəli torpaqlarının işğal edilməsi nəticəsində mədəni sərvətlərimizin talan olunduğu bildirilib.

Daha sonra Moldova Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilib. Konfransda Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev Mədəniyyət Günlərinin proqramı və əhəmiyyəti barədə məlumat verib, jurnalistlərin ölkəmizin mədəni həyatının müxtəlif sahələri barədə suallarını ətraflı cavablandırıb.

Dünən Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişineu şəhərinin "Odeon" Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinə start verilib. Hər iki ölkənin rəsmi nümayəndə heyətinin iştirakı ilə başlanan tədbirdə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edib. Tədbirdə nümayiş etdirilən, Azərbaycan kinematoqrafçılarının son illər istehsal etdiyi "Çölçü" bədii filmi maraqla qarşılanıb. Həmin gün Çexov adına Moldova Dövlət Rus Dram Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. Teatrın foyesində isə "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" adlı foto və turizm sərgisinin təqdimatı olub.

Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində Moldovanın mədəniyyət naziri Boris Fokşa və Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış ediblər. Çıxışlarda ölkələr arasında qarşılıqlı mədəniyyət mübadiləsinin əhəmiyyəti qeyd edilib və bu ənənənin xalqlarımızın daha da yaxınlaşmasına səbəb olacağı bildirilib.

Mərasim Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşasının nümayişi ilə davam edib. Tədbirdə Moldovanın keçmiş Prezidenti Petro Luçinski, xarici ölkələrin Moldovada akkreditə olunmuş səfirləri, deputatlar, Azərbaycan diasporunun nümayəndələri iştirak edirdilər. Mədəniyyət günləri davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR