Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506-ya çatıb

Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506-ya çatıb
# 16 noyabr 2012 09:17 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edildikdən sonra Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarında müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı zonaların Baş Planı hazırlanacaq. APA-nın məlumatına görə, bu barədə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bu gün keçirilən “Turizm və rekreasiya XXI əsrdə” I Beynəlxalq Elmi-Praktik Konfransında çıxışı zamanı deyib. O bildirib ki, “2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq ilkin mərhələdə Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarında ərazilərin turizm və rekreasiya zonası elan olunması üçün müvafiq işlər görülüb: “Artıq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən ilk növbədə Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarının Xəzər dənizi sahil ərazilərinin, Quba və Qusar rayonlarında turizm üçün əlverişli olan sahələrinin turizm və rekreasiya zonalarının xəritəsi hazırlanıb”.

Nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda 327 mehmanxana və mehmanxana tipli obyekt, 211 turizm şirkəti lisenziya ilə fəaliyyət göstərir. Onun sözlərinə görə, bir necə il əvvəl ölkədə 200-300 hotel olduğu halda, bu ilin ilk 6 ayının məlumatlarına əsasən ölkədəki mehmanxana və mehmanxana tipli obyektlərin sayı 506-ya çatıb. Respublika üzrə yataq yerlərinin ümumi sayı 31 min 850-dir. Ölkədəki mehmanxanalarda 6013 nəfər işləyir. “Mehmanxanaların sayının çoxluğu qiymətlərin müxtəlif olmasına imkan verir. Kim istəyirsə üç, kim istəyirsə dörd və beş ulduzlu hoteldə qala bilir. Hər qiymətə uyğun hotellər var. İstirahət mərkəzlərində 20 manatdan başlayaraq, 250 və daha yüksək qiymətlərə gecələmək mümkündür”, deyə N. Səmədov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR