Azərbaycan boksçuları 2 yarışda mübarizə aparacaqlar

Azərbaycan boksçuları 2 yarışda mübarizə aparacaqlar
# 27 noyabr 2012 15:29 (UTC +04:00)

Bakı-APA. Boks üzrə Azərbaycan milli komandası Kiyevdə təlim-məşq toplanışına başlayıb. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, dekabrın 5-dək davam edəcək hazırlıq prossesində 12 boksçu iştirak edir.

Daha sonra komandamız 2 yerə bölünəcək: onlardan bir qismi Kalininqradda keçiriləcək 19-22 yaşlı boksçular arasında Avropa çempionatına, bir qismi isə Rusiyanın Beloyarsk şəhərində təşkil olunacaq həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin dünya kuboku turnirinə yollanacaq.

Məşqçilər Vladimir Zolotaryov və Nəriman Abdullayevin rəhbərlik etdiyi heyət boks tarixində ilk dəfə təşkil olunan 19-22 yaşlılar arasında qitə çempionatına gedəcək. Heyətə Avropa çempionu Salman Əlizadə (49 kq), Avropa çempionatının bürünc mükafatçısı, London Olimpiadasının iştirakçısı Heybətulla Hacəliyev (64 kq) kimi tanınmış boksçular da cəlb olunub. Digər çəki dərəcələrində Cavid Çələbiyev (56 kq), Elvin İsayev (60 kq), Tamerlan Abdullayev (69 kq) və Emil Əhmədov (75 kq) mübarizə aparacaqlar.

Məşqçi İlham Alimzanovun rəhbərlik edəcəyi heyət isə dekabrın 5-də Kiyevdən Beloyarska yollanacaq. Heyətə dünya və Avropa çempionatlarının mükafatçısı Samir Məmmədov (52 kq), İlkin Ağayev (56 kq), Salman İbrahimov (64 kq), İsmət Eynullayev (69 kq), Yolçu Zeynalov (75 kq) və Fərid Şabanov (91+kq( daxil edilib.

Qeyd edək ki, 19-22 yaşlılar arasında Avropa çempionatı dekabrın 11-dən 18-ə kimi Rusiyanın Kalininqrad şəhərində, Neft Ölkələrinin dünya kuboku isə dekabrın 6-dan 9-a kimi Beloyarskda təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR