Misirdə prezident sarayı qarşısında baş verən toqquşmalarda 2 nəfər həlak olub

Misirdə prezident sarayı qarşısında baş verən toqquşmalarda 2 nəfər həlak olub
# 05 dekabr 2012 22:32 (UTC +04:00)

Bakı-APA. Misir prezidentinin tərəfdarları və əleyhdarları arasında prezident sarayı qarşısında baş vermiş qarşıdurma iki nəfərin ölümü ilə nəticələnib. APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, şiddətli qarşıdurma nəticəsində iki nəfər – kişi və qadın həlak olub. Məlumata əsasən, qadın “Müsəlman qardaşlar”ın fəalları tərəfindən öldürülüb. Onlarla insanın yaralandığı qeyd olunur.

Prezident sarayına təhlükəsizlik qüvvələri cəlb olunur. Polislər qarşı tərəfləri metal çəpərlərlə ayırmağa çalışır. Səhər saatlarında bu üsulla toqquşmaların qarşısını almaq mümkün olmuşdu, lakin sonradan maneələr sökülüb və müxalifət və islamçılar arasında yenidən toqquşmalar baş verib.

Bir müddət əvvəl “Müsəlman qardaşlar”ın minlərlə tərəfdarları prezident sarayının qabağına gələrək liberal müxalifətin burada qurduğu çadırları söküb və bu qanlı toqquşmalarla nəticələnib. İğtişaşlara radikal yönümlü futbol fanatları da qoşulub.

Ordu hələlik hadisələrə müdaxilə etmir. Hərbi komandanlığın yaydığı bəyanata görə, hal-hazırda paytaxtda təhlükəsizliyin təmin olunmasında məsuliyyət tam olaraq polisin üzərindədir. “Ordunun baş verənlərə cəlb olunması barədə qərar ölkənin siyasi rəhbərliyi ilə məsləhətləşmələrdən sonra veriləcək” deyə ordu komandanlığın bəyanatında bildirilir.

Bu arada Qahirədə baş verən hadisələrə görə artıq prezidentin üç müşaviri istefa verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR