Sumqayıtda «Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər» mövzusunda tədbir keçirilib

Sumqayıtda «Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər» mövzusunda tədbir keçirilib
# 18 dekabr 2012 12:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Sumqayıtda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə «Azərbaycanda mənzil-kommunal sahəsində yeni münasibətlər» mövzusunda tədbir keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Abşeron iqtisadi rayonuna daxil olan icra hakimiyyəti başçılarının sosial-iqtisadi məsələlər üzrə müavinləri, qəsəbə icra nümayəndələri, mənzil-kommunal sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərinin rəhbərləri, bələdiyyə sədrləri, mənzil tikintisi ilə məşğul olan sahibkarlar və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova regionların simasının günü-gündən dəyişdiyini, sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yaxşılaşdığını vurğulayıb və qeyd edib ki, son illər ölkədə aparılan iqtisadi islahatlar nəticəsində digər sahələrlə yanaşı, mənzil-kommunal təsərrüfatı sektorunun inkişafında da əhəmiyyətli tədbirlər həyata keçirilib, bu sahədə beynəlxalq tələblərə cavab verən qanunvericilik bazası - Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qəbul edilib: «1 oktyabr 2009-cu il tarixində qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsinə şərait yaradılması, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsi, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində böyük əhəmiyyət kəsb edir».

S.Həsənova onu da xatırladıb ki, Azərbaycan prezidentinin 2011-ci il 15 fevral tarixli fərmanı ilə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasəti, inkişaf konsepsiyası, dövlət proqramları və normativ-hüquqi aktların layihələrinin hazırlanması İqtisadi İnkişaf Nazirliyinə tapşırılıb: «Hazırda mənzil-kommunal sahəsinin yeni qanunvericiliyin tələblərinə uyğun olaraq idarə olunmasına keçidlə əlaqədar olaraq həyata keçirilən işlərin əlaqələndirilməsi, hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində İqtisadi İnkişaf Nazirliyi tərəfindən bir sıra zəruri tədbirlər görülməkdədir».

S.Həsənova qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün yerli icra və bələdiyyə qurumları tərəfindən çoxmənzilli binalarda idarəetmənin təşkili, təbliğat və maarifləndirmə işlərinin aparılması, ictimaiyyətin Mənzil Məcəlləsinin yenilikləri və üstünlükləri, habelə digər məqamlar barədə məlumatlandırılmasının vacibliyini də qeyd edib.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri vəzifəsinin icraçısı Nizami Qasımov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və nazirliyin digər əməkdaşları mənzil-kommunal sahəsində formalaşmaqda olan yeni münasibətlər barədə çıxışlar edib, tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR