Azərbaycanda pensiyalar avtomatik təyin ediləcək

Azərbaycanda pensiyalar avtomatik təyin ediləcək
# 23 noyabr 2012 11:07 (UTC +04:00)

Bakı. Əli Əhmədov - APA-Economics. Yaxın vaxtlarda ölkə vətəndaşları Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet səhifəsinə daxil olmaqla təqaüdə çıxdıqdan sonra alacaqları pensiyanın məbləğini öyrənə biləcəklər.

«APA-Economics»in məlumatına görə, bu barədə DSMF-nin sədri Səlim Müslümov bildirib.

Onun sözlərinə görə, hazırda fondun fərdi uçot sistemində işləyənlərin 2006-cı ildən sonrakı dövrə aid məlumatları əks olunub. Amma pensiyanın təyin olunmasına işçinin 2006-cı ildən əvvəlki dövrdəki stajı da nəzərə alınır: «Bu gün pensiya təyin olunanda 2006-cı ildən sonrakı dövr üçün hər bir şəxsin öz fərdi hesabında topladığı məbləğ bizdə var. Pensiyanın baza hissəsinin məbləği də dövlət başçısının sərəncamı ilə bu gün 85 manat təyin edilib. Sadəcə, bura 2006-cı ilə qədər olan dövrdəki stajı əlavə etmək lazımdır. Çünki həmin dövrün hər bir il stajına görə pensiya kapitalına 170 manat əlavə olunur. Bu məlumatlar toplanandan sonra həmin şəxsdən heç bir sənəd tələb etmədən onun pensiyası avtomatlaşdırılmış şəkildə müəyyən edilə biləcək».

DSMF bu boşluğu aradan qaldırmaq üçün işləyənlərin 2006-cı ildən əvvəlki stajına aid məlumatları toplayıb sistemə daxil edir. İndiyədək bu məlumatların 80%-i toplanıb: “Amma Azərbaycanda çoxsaylı şəxslər var ki, bu gün bizdə qeydiyyatda olmasalar da, onların 2006-cı ilədək olan dövrə üçün stajı 12 ildən (əmək pensiyalarının hesablanması üçün minimal staj müddəti) artıqdır. Onların da 2006-cı ilədək olan dövr üçün məlumatlarını toplamalıyıq”.

S.Müslümovun sözlərinə görə, bu məlumatlar işəgötürən şirkətlərdən və fiziki şəxslərdən yığılır. Gələn ilin əvvəllərində isə fond əhaliyə müraciət edərək 2006-cı ilədək olan stajı barədə məlumat verməsini xahiş edəcək. Proses başa çatandan sonra istənilən ölkə vətəndaşı fondun internet səhifəsinə daxil olub, özünə aid məlumatları daxil etməklə gələcəkdə ona təyin olunacaq pensiyanın məbləğini öyrənə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR