Türk Dünyası Araşdırmaları Vəqfinin yeni başqanı: “Atamın Azərbaycanla bağlı planlarını biz həyata keçirməyə çalışacağıq” - MÜSAHİBƏ

Türk Dünyası Araşdırmaları Vəqfinin yeni başqanı: “Atamın Azərbaycanla bağlı planlarını biz həyata keçirməyə çalışacağıq” - <span style="color: red;">MÜSAHİBƏ
# 11 dekabr 2012 15:21 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın APA-ya müsahibəsi

- Atanız Turan Yazqanın yaratdığı vəqfin idarəçiliyini öz öhdənizə götürdünüz. Hansı duyğuları yaşayırsınız?

- Çox çətin bir missiyanı öhdəmə götürdüm. Bunun nə qədər çətin bir missiya olduğunu sizlər də bilirsiniz. Təbii ki, atamdan sonra üzərimə düşən vəzifələri təkbaşına yerinə yetirməyim çox çətindir. Ona görə də bu mübarizəyə inanmış bütün insanlarla birlikdə işləri irəliyə aparacağıq.

- Mərhum professor Turan Yazqan arxasında milyonlarla səhifə dərgi və kitab, minlərlə konfrans, onlarla məktəb və fakültə qoyub əbədiyyətə qovuşdu. Şənbə günü keçirilən konfransda bu işləri olduğu kimi davam etdirəcəyinizi vurğuladınız.

- Mən bunu çox açıq şəkildə deyirəm: atamın gördüyü işlər fasiləsiz şəkildə, harada qalmışdısa, ordan davam edəcək. Heç bir işdə kəsinti olmayacaq, fəaliyyətlərimiz eynilə davam edəcək.

- Turan hocanın məktəb və fakültələrində 5 mindən artıq şagird və tələbə oxuyur. İndi hamını o məktəb və fakültələrin gələcək taleyi maraqlandırır. Bununla bağlı nə demək istərdiniz?

- Biz atamın işlərini davam etdirməklə yanaşı, mövcud potensialı daha da böyütməyə çalışacağıq, buna heç kimin şübhəsi olmasın. Atamın vəfatından sonra təhsil-tədris işləri necə davam edirsə, o şəkildə davam edəcək və daha da böyüyəcək. Atamın hədəfləri böyük idi, onun planlaşdırdığı çox iş vardı, biz onun planlarını həyata keçirmək üçün əlimizdən gələn hər şeyi edəcəyik. O, həyatına çox şey sığdırdı, həyata keçirməsi üçün ömrünün vəfa etmədiyi işləri biz həyata keçirəcəyik.

- Turan hoca ilə söhbətlərimizdə siyasətə girib-girməyəcəyini soruşanda “Mən xəyalpərəst adamam, 50 il, hətta 100 il sonra üçün toxumlar atıram” - deyərdi. Sizcə, 50 il, 100 il sonra Turan hocanın ideallarının konkret nəticələrini gələcək nəsillər görəcəkmi?

- Atamın ideallarının nəticələrini indiki nəsillər də görməyə başladı. Vəqfin 33 illik fəaliyyəti professor Turan Yazqanın nə qədər düzgün yolla getdiyini göstərir. Qabaqlar atamın gördüyü işləri anlamayanlar düzgün nəticə çıxara bilmirdilər, ancaq vaxt keçdikcə onun Türkiyə və türk dünyası üçün gördüyü işlərin nə qədər önəmli olduğunu hər kəs anladı.

- Türk Dünyası Araşdırmaları Vəqfinin Bakıdakı Atatürk liseyi və idarəçilik fakültəsi ölkəmizdə təhsil sahəsində mühüm işlər görüb və görməyə davam edir. Vəqfin yeni başqanı kimi Azərbaycana hansı mesajı vermək istərdiniz?

- Atam Azərbaycandakı məktəb və fakültəyə çox önəm verirdi, ordakı planlarının bir hissəsini həyata keçirdi, qalan planlarını biz həyata keçirməyə çalışacağıq. Bu ayın axırı-gələn ayın əvvəlində Azərbaycana getməyi planlaşdırıram, səfərim zamanı Bakıda daha gözəl xəbərlər verə bilərik. Bu işləri həyata keçirərkən atamla eyni ideal uğrunda mübarizə aparmış insanların hamısıyla atamın sağlığında olduğu kimi, yaxın əməkdaşlığımız davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR