Serbiya baş nazirinin müavini: “Biz Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”

Serbiya baş nazirinin müavini: “Biz Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq”
# 26 noyabr 2012 15:34 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. “Azərbaycan və Serbiya oxşar taleləri yaşayan ölkələrdir. Bizi ərazi bütövlüyümüzlə bağlı yaranan təhlükəli məqam birləşdirir”. APA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədovla görüşdə Azərbaycanda səfərdə olan Serbiyanın baş nazirinin müavini Rasim Lyayiç deyib. R. Lyayiç bildirib ki, Azərbaycan Dağlıq Qarabağ problemindən əziyyət çəkir və Serbiyada da buna bənzər problem mövcuddur: “Biz Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinin tərəfdarıyıq. Eyni zamanda təşəkkür edirik ki, Azərbaycan Kosova məsələsində Serbiyanın ərazi bütövlüyünün qorunmasına xidmət edən addım atdı. Biz də BMT Təhlükəsizlik Şurasına namizədlik məsələsində Sloveniyanın yox, Azərbaycanın namizədliyini dəstəklədik. Ölkələr arasındakı əlaqələr beynəlxalq təşkilatlar çərçivəsində yüksələn xətlə inkişaf edir”.

İqtisadi əlaqələrə də toxunan R. Lyayiç qeyd edib ki, Serbiya Azərbaycan şirkətlərinin ölkəsinə sərmayə qoymaqda və ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlıdır: “Son üç il ərzində Serbiya ilə Azərbaycan arasında bu və ya digər sahələri əhatə edən 20-dən çox saziş və müqavilə imzalanıb. Hazırda əlaqələrin inkişaf dövrünü yaşayırıq. Ümid edirəm ki, Azərbaycan şirkətləri Serbiyadakı azad ticarət sonasından xəbərdar olacaqlar və bizim ölkədəki həmkarları ilə iş birliyi quracaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR