“APA Holding”in prezidenti Vüsalə Mahirqızı: “Mətbuat qadınların problemlərini lazımınca işıqlandırmır”

“APA Holding”in prezidenti Vüsalə Mahirqızı: “Mətbuat qadınların problemlərini lazımınca işıqlandırmır”
# 14 iyun 2013 15:10 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. “Azərbaycan mətbuatında qadınların problemlərinin işıqlandırılması ilə bağlı kifayət qədər problemlər var. Qadınlar məişət zorakılığına məruz qalmaqdadır, insan alverinin qurbanı olur, təhsildən yayınaraq erkən nikahlara cəlb olunur”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Qadınlarının IV Qurultayında çıxışı zamanı “APA Holding”in prezidenti Vüsalə Mahirqızı söyləyib.

O bildirib ki, qeyd olunan problemlər mətbuatda mütəmadi olaraq işıqlandırılır: “Amma çox təəssüf ki, bəzən bu hadisələr mətbuatda, televiziya kanallarında qurbanı şou predmetinə çevirərək təqdim edirlər. Daha yaxşı olar ki, bu kimi problemlər psixoloqların, sosioloqların, cəmiyyət idarəçiliyində sözü keçərli olan insanların iştirakı ilə debat şəklində müzakirə edilsin və problemin mahiyyəti üzə çıxarılsın. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu məsələlərdə media ilə birbaşa əlaqə qurması, işləməsi vacibdir”.

APA Holdingin prezidenti qadınların böyük əksəriyyətinin ictimai cəhətdən fəal olduğunu, sosial şəbəkələrdə aktiv təmsil olunduqlarını deyib. V. Mahirqızı bu prosesdən kənarda qalanları da bu sosial şəbəkələrdə təmsil olmağa dəvət edib: “Onlar da öz mesajlarını verməlidir. Çünki gənclərin belə dünyagörmüş xanımların mesajlarına, məsləhətlərinə ehtiyacları var. Qadın məsələlərindən danışanda təkcə qadınlarla bağlı yox, gənclər və uşaqlarla bağlı danışmaq lazımdır. Çünki istənilən qadının ən böyük uğurları və şah əsəri onun övladlarıdır. Ona görə də telekanallarda uşaqlarla bağlı verilişlər nümayiş olunmalıdır”.

V. Mahirqızı gələcəkdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə mediada qadın kumirinin yaradılmasını təklif edib. Onun sözlərinə görə, bu gün ancaq mədəniyyət sahəsindəki qadınlar kumir hesab edilir: “Lakin bu gün siyasət, elm, səhiyyə, mətbuat sahəsində tanınan və yaxşı uğur hekayəsi olan xanımlar var. Bir çadır şəhərciyində övlad böyüdüb, onu təhsilə göndərib, universitet təhsili verdirəcək qədər gənc hazırlayan ananın həyatı qəhrəmanlıq nümunəsi hesab edilə bilər. Çünki dözülməz şəraitdə yaşayaraq cəmiyyətə övlad yetişdirmək böyük fədakarlıq və qəhrəmanlıq nümunəsidir. Mədəniyyət, şou-biznesdəki xanımları deyil, belə qadınları cəmiyyətə daha çox təqdim etməliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR