Azərbaycanda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı keçirilir - FOTOSESSİYA - VİDEO - YENİLƏNİB

Azərbaycanda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər Konqresi və Festivalı keçirilir - <font color=red>FOTOSESSİYA - VİDEO - YENİLƏNİB</font>
# 27 iyun 2012 11:36 (UTC +04:00)
APA-nın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov Azərbaycanı mədəniyyətlərin cəmləşdiyi yer kimi xarakterizə edib. Nazir deyib ki, müasir Azərbaycan bu kimi beynəlxalq tədbirlərin keçirilməsi üçün açıq ölkədir: “Azərbaycan, xüsusilə də Bakı Qərblə Şərqi, islam və xristian dinlərini birləşdirən mərkəzdir. Buna görə də Azərbaycan Böyük İpək Yolunun üzərində yerləşən ölkələrin gənclərini birləşdirən bir rol oynamalıdır. İstəyirik ki, gəncləri yeni bir platforma, yeni bir model ətrafında birləşdirək”.

Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib ki, “İpək Yolu” üzərində olan ölkələr qloballaşmış dünyanın verdiyi imkanları dəyərləndirməlidir. Dövlətin gənclər siyasətinə toxunan E. Aslanov qeyd edib ki, bu gün gənclər siyasəti Azərbaycanda dövlət siyasətinin əsas məqamlarından birinə çevrilib: “Gənclər cəmiyyətimizin aparıcı qüvvəsinə çevriliblər. Gənclərin bilik və bacarığının istifadəsi cəmiyyətin vacib istiqamətindən biridir”.

E. Aslanov çıxışında Azərbaycanın iqtisadi sahədəki uğurlarına da toxunub: “10 il ərzində ölkənin Ümumi Daxili Məhsulu üç dəfə artıb. Yoxsulluq 50 faizdən tək rəqəmli səviyyəyə düşüb”.

Macarıstanın idman, gənclər və ailə naziri Miklos Şoltes, Ukrayna idman və gənclər nazirinin müavini Sergey Qruşenko, Türkiyə gənclər və idman nazirinin müavini İbrahim Dəmirəl, Qazaxıstan Gənclər Hərəkatının icraçı direktoru Nurlan Uteşov, İraq parlamentinin deputatı Fevzi Əkrəm və digərləri açılış mərasimində çıxış edərək bildiriblər ki, bu tədbir bölgə xalqlarının inteqrasiyasına xüsusi töhfə verəcək.

Daha sonra tədbir seminarlarda davam etdirilib.

Qeyd edək ki, 25 ölkədən 200-dən artıq gənclərlə iş üzrə dövlət orqanlarının, gənclər təşkilatlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, eyni zamanda gənc parlament üzvlərinin iştirak etdiyi konqresdə “Böyük İpək Yolu”na həsr olunmuş film nümayiş olunacaq, panel müzakirələri aparılacaq.

Konqres çərçivəsində Beynəlxalq Gənclər Təşkilatının təsis edilməsi, Bakı Deklarasiyasının qəbul edilməsi), gənc fotoqrafların və rəssamların sərgisinin və müxtəlif ölkələrdən olan yaradıcı gənclərin iştirakı ilə qala-konsert keçirilməsi də nəzərdə tutulub. Konqresin keçirilməsində əsas məqsəd tarixi “Böyük İpək Yolu” üstündə yerləşən ölkə gənclərinin və gənclər sahəsində çalışan qurumların əməkdaşlığı üçün şəraitin yaradılması, müxtəlif qitə, din, dil, mədəniyyət daşıyıcılarının bir-birləri ilə sıx əlaqə qurması, gənclər arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə verilməsidir.

Tədbir iyunun 30-dək davam edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR