Azərbaycanda investisiya bankçılığı xidmətləri göstəriləcək

Azərbaycanda investisiya bankçılığı xidmətləri göstəriləcək
# 10 dekabr 2014 12:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramı”nın birinci mərhələsi çərçivəsində nəzərdə tutulan işlər başa çatdırılıb. “APA-Economics”in məlumatına görə, bu barədə “Vergilər” qəzetinə müsahibəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, dövlət proqramının birinci mərhələsində əsas hədəf bazarın infrastrukturunu inteqrasiya etmək və onu avtomatlaşdırmaq idi.

R. Aslanlı bildirib ki, bunun üçün həm hüquqi, həm də təşkilati işlər həyata keçirilib. Komitə sədri qeyd edib ki, indi bazarda yeni alətlərin ticarətinə imkanlar açılır.

Onun fikrincə, bazarda likvidliyin olması qiymətli kağızların ticarətini canlandırır: “2014-cü ildən marketmeykerlər institutu yaratdıq. Hazırda 3 marketmeykerimiz var. Cəmi 12 maliyyə aləti üzrə likvidlik xidmətlər göstərildiyinə görə korporativ qiymətli kağızlar ticarəti 2009-cu ildən bəri 10 dəfədən çox artıb. Əməliyyat infrastrukturu müasirləşdikdən və səmərəliləşdikdən sonra ticarət alətlərini də genişləndirmək olacaq. Misal üçün, 2009-cu ildən Azərbaycan İpoteka Fondu dövlət büdcəsindən hər il maliyyə vəsaiti alır və həmin vəsaitin məbləği qədər də kapital bazarlardan ipoteka istiqrazları vasitəsilə vəsait cəlb edir. Bu, artıq imkan verir ki, dövlətin verdiyi sərmayə qədər də bazardan vəsait cəlb edərək ipoteka kreditlərini maliyyələşdirsinlər”.

Komitə sədri bir neçə şirkətin listinqə çıxmaq vasitəsilə sərmayə cəlb etməyə hazırlaşdığını deyib: “Biz iki ildir ki, bu uzunmüddətli layihə üzərində çalışırıq. Əgər bu şirkətlər dövlət proqramının tətbiqindən əvvəl belə iddiada olsaydılar, bunu edə bilməzdilər. Çünki, ən azından kapital bazarının ticarət və əməliyyat sistemi buna imkan vermirdi”.

R.Aslanlı dövlət proqramının ikinci mərhələsindəki hədəflərdən də danışıb. Komitə sədri qeyd edib ki, kapital bazarlarının əməliyyat in­frastrukturu dünyada qəbul olunmuş mərhələyə çevrilməlidir. Onun sözlərinə görə, bunun üçün ilk növbədə kapital bazarlarının hüquqi əsası yenidən dəyişməlidir. R.Aslanlı qeyd edib ki, kapital bazarları haqqında qanun layihəsi hazırlanıb və hazırda müzakirə olunur: “Müzakirələrin gedişi göstərir ki, yaxın vaxtlarda qanun layihəsi parlamentə təqdim oluna bilər. Qanun qəbul olunduqdan sonra Azərbaycanda investisiya bankçılığı xidmətləri göstərməyə imkan yaranacaq. İnvestisiya bankçılığı broker, diler fəaliyyətindən daha geniş fəaliyyətdir. Burada həm maliyyə, həm də yardımçı maliyyə xidmətlərinin təqdim olunmasına imkan yaranır. Bu gün tez-tez reklamı ilə rastlaşdığımız “FOREX” xidmətləri, əslində, sırf investisiya bankçılığı xidmətləridir. Buna “marja ticarəti” deyirlər. Burada şəxslər özlərinə müəyyən risklər götürür, bu risklər üçün investisiya banklarından kreditlər alaraq bunun əsasında bazarda əməliyyatlar aparırlar. Bu gün bizdə bu sektor ləng tənzimlənir və şəffaf maliyyə hesabatlılığına malik deyil, vergiyə cəlb oluna bilmir. Çünki burada əməliyyatlar onlayn formada həyata keçirilir. İnvestisiya bankçılığı tək “FOREX” deyil, bu qəbildən olan xidmətlərdir. Yeni qanunda bunlar hamısı müvafiq qaydada tənzimlənəcək. Burada söhbət bu fəaliyyətin həyata keçirilməsində dünyada qəbul olunmuş fəaliyyət standartlarının müəyyən olunmasından gedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR