Bölgələrdə muzey əməkdaşları üçün səyyar kurslar keçirilir

Bölgələrdə muzey əməkdaşları üçün səyyar kurslar keçirilir
# 07 iyul 2012 08:22 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bölgələrdə muzey əməkdaşları üçün təlim kursları keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bölgələrdə səyyar yay kursları Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən təşkil edilib.

Bu ayın ilk günlərindən Gəncə şəhərində başlayan kurslar ümumi orta və qeyri-ixtisas təhsilli muzey əməkdaşları üçün nəzərdə tutulub. 40 nəfərə yaxın dinləyicinin iştirak etdiyi kurslara 10 gün ərzində müasir təlim metodları ilə “Muzey işinin təşkili və təkmilləşdirilməsi”nə dair 12 nəfərdən ibarət müəllim və professor heyəti tərəfindən nəzəri məlumat veriləcək, təcrübə mübadiləsi aparılacaq. İyulun 12-dək davam edəcək təlimlərə Gəncə və ətraf bölgələrdən - Goranboy, Göygöl, Samux, Naftalan və Daşkəsəndən muzey işçiləri cəlb olunub. İyulun 19-dan 28-dək Şəki və ətraf bölgələrin muzey işçiləri üçün kursların keçirilməsi planlaşdırılır. Payız aylarında isə digər bölgələrdə səyyar kurslar təşkil ediləcək. Bildirilir ki, bu formatlı kurslar bölgələrdə muzey işinin daha yaxşı təşkilinə imkan verəcək. Həmçinin işçilərə vəzifə öhdəliklərini layiqincə yerinə yetirmələri ilə bağlı vacib nəzəri və praktiki biliklər aşılayacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR