APA-nın xəbərinə görə, konfransda “APA Holding”in prezidenti Vüsalə Mahirqızı “Sosial mediada təhsil mövzusu” adlı məruzə ilə çıxış edib.
O bildirib ki, bu gün insanların kütləvi olaraq toplaşdığı yer sosial mediadır. Təhsil mövzusunun müzakirə olunması üçün sosial medianın əhəmiyyətli olduğunu deyən V.Mahirqızının sözlərinə görə, təhsil böyük kütlədir və milyonlarla insanı əhatə edir: “Amma bu gün internetdə baş verən hər şeyə media deyə bilmərik. İnternet yayımı kifayət qədər sərfəli, optimal, sərhədləri keçmiş bir vasitə olduğuna görə inkişaf edir. İnternetin inkişafı nəticəsində sosial şəbəkələr yaranıb. Bütün hallarda sosial şəbəkələr ümumi ictimai rəyin öyrənilməsi, insanların nə istəyini bilmək üçün monitorinq vasitəsidir. Sosial şəbəkəni təhlil edəriksə, ictimai, sosial, mədəni və digər məsələlər, problemlər burada öz əksini tapır. Sosial şəbəkədə olmaq media ilə yanaşı, dövlət qurumları üçün də lazımdır. Onlar hansısa məlumatı sosial şəbəkədə verməklə məlumatlarının daha tez və düzgün ötürüləcəyinə əmin olurlar. Bu da daha çox universitet və nazirliklər üçün lazım olan tərəfdir”.
V.Mahirqızı qeyd edib ki, Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsində xüsusi bir iş prinsipi olmalıdır. Burada daha çox 15-35 yaşına qədər olan insanların olduğunu deyən holdinq prezidentinin sözlərinə görə, onların əksəriyyəti tələbələrdir: “Təhsil Nazirliyi sosial şəbəkə vasitəsilə böyük bir tələbə hərəkatını idarə edə bilər. İctimai rəyin öyrənilməsi üçün ən yaxşı yerlərdən biri “Facebook”dur. İstənilən kiçik bir hadisənin böyük reaksiyası ola bilir. Heç bir mətbuat orqanının görə bilmədiyi işi sosial şəbəkədə verməklə ictimai aktiv kütlə halını ala bilər. Təklif edərdim ki, Təhsil Nazirliyi sosial şəbəkələr üzərindən müəyyən layihələr həyata keçirsin. Müxtəlif piar-kampaniyalar keçirməklə gəncləri sosial şəbəkələrdə təhsillə bağlı işlərə cəlb etmək olar. “Facebook” tələbələrlə iş üçün ən uyğun bir meydandır və nazirlik də bu meydanı əldən verməməlidir”.
V.Mahirqızı Təhsil Nazirliyinin uşaq kontingentinin formalaşmasında da mühüm rol oynadığını qeyd edib . Onun fikrincə, bu gün Azərbaycanda uşaq ideyası qıtlığı var: “Bu, həm Təhsil Nazirliyinin, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsuliyyətində olan məsələdir. Sosial şəbəkələrdə, internetdə uşaqlarla bağlı səhifələr yaradıla, uşaqlara yönəlik müəyyən layihələr həyata keçirilə bilər. “Facebook” üzərində nazirlik və komitənin könüllüləri tərəfindən səhifə yaradıla bilər. Düşünürəm ki, uşaqları maarifləndirmək baxımından bunlar yaxşı vasitə ola bilər. Bu, çox ciddi bir məsələdir və müəyyən zamandan sonra bu sahədə boşluğun olduğunu görə biləcəyik. Bizim milli simvolumuz yoxdur. Mediada milliləşmiş uşaq simvolumuz yoxdur. Hazırda uşaqlar xarici qəhrəmanları - Pepe, Maşa və digərlərinə daha çox baxırlar. Uşaqların əvvəldən hansı təfəkkürdə böyüməsi və yetişdirilməsi üçün bu işlərin qurulması vacibdir”.
Holdinq rəhbəri əlavə edib ki, Təhsil Nazirliyinin müəyyən vaxtlarda narazılıqları ola bilər və bu mümkündür. Onun sözlərinə görə, narazılıqlar varsa, deməli, iş var: “Rəsmi qurumlar bəzi məlumatların mətbuatda işıqlandırılmasını istəmir. Mətbuat isə gizli olanları, məlumatları üzə çıxarmaq istəyir. Artıq informasiya gizlətmək əsri keçib. Hazırda ən yaxşısı informasiyanın üzərinə birinci getmək onun piar və anti-piarını qurmaq lazımdır”.
Tədbirin davamında mövzu ətrafında fikir mübadiləsi aparılıb. Konfransda “Multimedia” İnformasiya Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz “Sosial mediada PR texnologiyaları”, təhsil eksperti Asif Cahangirov “Mediada qeyri-peşəkarlıq problemi” mövzularında məruzə ilə çıxış edəcək. Konfransın “Media və təhsil dialoqu” mövzusunda müzakirələrlə başa çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, tədbirə “APA Holding”, “Azad Azərbaycan” televiziyası və “Azərbaycan müəllimi” qəzeti informasiya dəstəyi verir.