Reklamçılar İttifaqı: İri şəhərlərdə qanunla reklam hesab edilməyən fəaliyyətə görə rüsum yığılır

Reklamçılar İttifaqı: İri şəhərlərdə qanunla reklam hesab edilməyən fəaliyyətə görə rüsum yığılır
# 10 noyabr 2015 09:25 (UTC +04:00)

"APA-Economics"in məlumatına görə, Azərbaycan Reklamçılar İttifaqının sədri Hacıəmi Atakişiyev çıxışı zamanı deyib ki, “Reklam haqqında” qanun bazar iqtisadiyyatına keçidin ilk mərhələsində - 1997-ci ildə qəbul olunub. Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatı bazar münasibətlərinin yeni mərhələsinə keçdiyi üçün bu qanunda boşluqlar əmələ gəlib.

H. Atakişiyev qeyd edib ki, 14 iyul 2015-ci il tarixində ölkə başçısının imzaladığı fərmanla “Reklam Haqqında” Azərbaycan Respublikasının 1997-ci il tarixli qanunu ləğv edilsə də, bu günə qədər köhnə fərmanla tənzimlənən qiymət cədvəli ilə sahibkarlardan pul yığılır: "Yeni qanunun 26.8-ci maddəsində (“Açıq məkanda reklam”) göstərilir: Birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran lövhələr, habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyri-hökumət təşkilatlarının, hüquqi və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanlar, həmçinin dövlət orqanlarına aid olan lövhələr reklam daşıyıcıları hesab edilmir. Eyni zamanda diqqətə çatdıraq ki, bu maddə prezidentin 1 noyabr 2012-ci il tarixində imzaladığı 596 nömrəli fərmanda da əksini tapıb. Lakin, Azərbaycanın ən böyük şəhərləri olan Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə yerli İcra Hakimiyyətləri və bələdiyyələr rüsum adı ilə pul yığırlar ki, bunların da dövlət vergi orqanlarında nə adla qeydiyyata düşmələri bəlli deyil. Hesab edirik ki, qanunla reklam hesab edilməyən fəaliyyətə görə rüsum yığılırsa, deməli, vergidən gizlətmələr, inhisarçılıq, korrupsiya hallarının baş verdiyi danılmazdır".

Onun sözlərinə görə, noyabrın 3-6-da Azərbaycan Reklamçılar İttifaqı bu maddələri rəhbər tutaraq Reklamda Özünü Tənzimləmə Agentliyi (RÖTA) ilə birlikdə şəhər mühitində monitorinqlər keçirib. Monitorinqin reallaşdırıldığı Xətai, Nizami və Yasamal rayonları ərazisinin kiçik bir hissəsində - 130 obyektdəki nəticələr belə olub: "Reklam subyektlərinin 93%-nin sənədləşdirilmə aparılmayıb, qanunun 26.8-ci maddəsinin təsiri altına düşən obyekt sahiblərindən isə pul toplanıb".

"Monitorinq keçirilən obyekt sahiblərinə hüquqları başa salınıb, lakin təəssüflə qeyd etməliyik ki, onlardan əksəriyyəti İcra Hakimiyyətlərindən qorxduqlarını və onların tələblərini yerinə yetirməzlərsə təzyiqlərlə qarşılaşacaqlarını bildiriblər. Deməli, bu kimi hallara yol verən məmurlar ölkə başçısı cənab İlham Əliyevin imzaladığı sənədlərin icrasına laqeyd yanaşır, Azərbaycan reklam bazarında hərc-mərclik yaradır, sahibkarların hüquqlarını pozur və onların dövlətə inamını zəiflədirlər. Hazırda bununla bağlı hüquq-mühafizə orqanlarına rəsmi hesabat hazırlayırıq. Ölkədə baş verən son hadisələr göstərdi ki, ölkə başçısı qanun pozuntusuna yol verən və vətəndaşları dövlətdən narazı salan, vəzifəsindən asılı olmayaraq hər bir məmura qarşı amansızdır. İnanırıq ki, bu faktlar hüquq-mühafizə orqanlarına təqdim edildikdən və ictimailəşdirildikdən sonra günahkar şəxslər cəzalandırılacaqlar", - deyə H. Atakişiyev qeyd edib.

İctimai birliyin sədri əlavə edib ki, əsas problemlərdən biri də reklam bazarından gələn gəlirin dövlət büdcəsindən yayındırılmasıdır: “Mən “Reklam haqqında” yeni Qanun layihəsi Milli Məclisdə müzakirə olunarkən ora özünütənzimləmə üzrə mütəxəssis olaraq dəvət edilmişdim. Orada Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin nümayəndəsi illik reklam büdcəsi ilə bağlı bir rəqəm səsləndirdi və göstərdi ki, bu rəqəm təxminən 1 250 000 manata yaxındır. Düzü bu rəqəm məndə təəccüb doğurdu. Bu məsələyə də keçirilən monitorinqlə aydınlıq gətirməyə çalışacağam. Təkcə Bakı şəhərində ölçüsündən asılı olmayaraq mövcud olan reklam lövhələrinin sayı ilkin nəticəyə görə 2500 ədəddir. Orta hesabla bir ədəd reklam lövhəsinin aylıq icarəsi 400-700 manat arası dəyişir. Bu isə o deməkdir ki, bir reklam lövhəsinin illik icarəsi orta hesabla 6600 manat təşkil edir. Yəni, 6600 x 2500 = 16 500 000 manat. Bu təkcə reklam lövhələrinin hesabatıdır. Deməli, söhbət büdcədən yayındırılan milyonlardan gedir".

H. Atakişiyev vurğulayıb ki, yeni qanun dövlət nəzarəti ilə bərabər ictimai nəzarətin də güclənməsinə imkan verəcək və nəticədə reklam bazarında inhisar və korrupsiya hallarının qarşısı alınacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR