Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb

Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatının baş katibi ilə görüşüb
# 16 aprel 2015 07:44 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Madriddə Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə görüşüb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə mayın 18-19-da Bakıda keçiriləcək 3-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Ümumdünya Turizm Təşkilatının dəstəyi ilə təşkil ediləcək turizmin mədəniyyətlərarası dialoqda roluna dair xüsusi sessiyanın son hazırlıq işləri müzakirə edilib.

Görüş zamanı Ümumdünya Turizm Təşkilatı və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təmsil olunan Azərbaycan hökuməti arasında üzv ölkədə turizm kadr potensialının gücləndirilməsi sxemi üzrə ekspertin təqdim olunması barədə saziş imzalanıb.

Görüşdə müzakirə mövzusu olan digər məsələ isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində turizm layihələrinin həyata keçirilməsindən yaranan narahatlıq olub. Nazir Ə. Qarayev bildirib ki, növbəti iclaslarda bu məsələ ciddi müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR