AMEA-nı magistr diplomunun nümunəsi təsdiqlənib

AMEA-nı magistr diplomunun nümunəsi təsdiqlənib
# 21 iyun 2016 23:03 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişikliyə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistr diplomunun (adi və fərqlənmə) nümunəsi müəyyənləşdirilib.

Diplom 15x21 sm ölçüdə kitabça şəklində çap olunur və AMEA-nın magistratura səviyyəsini fərqlənmə ilə bitirməyənlər üçün göy, fərqlənmə ilə bitirənlər üçün isə qırmızı rəngli olur. Diplomun üz qabığı dermantin materialdan hazırlanır və yuxarı hissəsində relyeflə Azərbaycan Respublikasının Dövlət gerbi, aşağı hissəsində isə “MAGİSTR DİPLOMU” sözləri həkk olunur. Kitabçanın üz qabığının içərisinin sağ və sol tərəfinə Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan və magistr diplomunun nümunəsinə uyğun hazırlanmış qoruyucu nişanlı xüsusi kağız yapışdırılır. Diplomun sağ səhifəsinin yuxarı hissəsində qara rənglə “AZƏRBAYCAN RESPUBLİKASI” və “MAGİSTR DİPLOMU” sözləri, sol səhifəsinin yuxarı hissəsində “MAGİSTR DİPLOMU ALİ TƏHSİL HAQQINDA DÖVLƏT SƏNƏDİDİR” sözləri, diplomun seriyası və nömrəsi yazılır, sol aşağı kənarında isə möhür yeri və diplomun verilməsinə məsul olan şəxslərin imzası üçün yer saxlanılır. Daha sonra səhifələrdə mətn magistr diplomunun nümunəsində göstərilən formada yerləşdirilir

Ali təhsil müəssisəsi, AMEA ləğv olunduğu halda, diplom və onun əlavəsi və ya onların dublikatları Milli Arxiv İdarəsinin arayışına əsasən, Təhsil Nazirliyinin yazılı müraciəti ilə eyni tipli ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilə bilər. Ali təhsil müəssisəsinin, AMEA-nın yenidən təşkili hallarında bu və ya digər səbəbdən diplomu almayan şəxslərə diplom və onun əlavəsi yenidən təşkil edilən ali təhsil müəssisəsinin, AMEA-nın hüquqi varisi olan ali təhsil müəssisəsi və elmi təşkilat tərəfindən verilir. “Diplomu və onun əlavəsini itirən şəxs ərizə ilə AMEA-nın prezidentinə müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR