İsveçin Azərbaycandakı səfiri: "Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı geosiyasi oyun kimi görmür" - MÜSAHİBƏ

İsveçin Azərbaycandakı səfiri: "Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı geosiyasi oyun kimi görmür" - <span style="color: red;">MÜSAHİBƏ
# 31 may 2016 10:30 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İsveç Krallığının Azərbaycandakı səfiri İnqrid Tersmanın APA-ya müsahibəsi

- İqamətgahınızın Stokholmdan Bakıya köçürülməsi ilə bağlı planlar mövcuddur?

- Bir neçə il bundan əvvəl Bakıda səfirlik açdığımız üçün şadam. Əvvəl burda səfirliyimiz fəaliyyət göstərmirdi. Hazırda bizim səfirlik səviyyəsində daimi təmsilçiliyimiz mövcuddur. Dediyiniz kimi, mən iqamətgahı Stokholmda olan səfirəm, lakin bura tez-tez gəlirəm. Səlahiyyətlərimin icrasına prezidentə etimadnaməmi təqdim etdikdən sonra, yanvarın sonlarında başlamışam. İndi may ayındayıq və bu, artıq mənim 5-ci səfərimdir. Səfirlikdəki əməkdaşlarla birlikdə çox yaxşı komandayıq. Az olmağımıza baxmayaraq, işimizin öhdəsindən uğurla gəlirik. Bildiyiniz kimi, bütün xarici siyasət idarələrinin müəyyən limitləri olur. İsveç xarici siyasət idarəsi də xərclərinə daim nəzarət edir. Əlimizdə olan resurslarımızı düzgün qiymətləndirməliyik və hazırda bizim burada olmağımıza imkan verən mövcud strukturdan da razıyıq. Hazırda iqamətgahın Bakıya köçürülməsi ilə bağlı plan yoxdur, lakin mən Bakıya tez-tez gələcəyəm və deməliyəm ki, Bakı xoş təəssüratlar oyadan şəhərdir.

- İsveç Krallığının xarici işlər naziri Margot Vallströmun fevraldakı işgüzar səfəri zamanı bir sıra məsələlər, o cümlədən, ATƏT-in Minsk qrupunun tam tərkibdə işinin intensivləşdirilməsi ilə bağlı məsələ qaldırıldı. Həmin vaxtdan etibarən Minsk Qrupunun yalnız bir iclası keçirilib. Qrupun üzvü olaraq İsveç bu istiqamətdə danışıqlar prosesinə nə kimi töhfə verə bilər?

- Xarici işlər nazirimiz fevral ayında bura səfər etdiyi üçün məmnunam. Düşünürəm ki, bu səfər 2009-cu ildən bəri ilk səfər idi. Bu, bizim Azərbaycanla ikitərəfli yaxşı münasibətləri necə dəyərləndirdiyimizin və bu əlaqələri gücləndirmək istəyimizin göstəricisidir. Səfər məhz bu baxımdan qiymətləndirilməlidir. Əlbəttə, iqtisadi, mədəni, tolerantlıqla bağlı məsələlərlə yanaşı, Dağlıq Qarabağ məsələsi də müzakirə edildi. Sizin toxunduğunuz spesifik məsələyə gəlincə, deməliyəm ki, mənim nazirim azərbaycanlı həmkarından status-kvonu nəyin dəyişə biləcəyi, hazırkı vəziyyəti irəli necə aparmağın mümkün olması barədə soruşdu. Minsk Qrupunun tam tərkində iclasının keçirilməsi ilə bağlı təklif sizin naziriniz, cənab Elmar Məmmədyarov tərəfindən irəli sürülmüşdü. Xanım Vallström isə bildirdi ki, əgər tərəflər və həmsədrlər bu təklifi dəstəkləsə, əlbəttə, İsveç də bunu dəstəkləyəcək və iştirak edəcək. Təəssüf ki, bu məsələ mediada bir az təhrif olundu, lakin əsas məsələ ondan ibarətdir ki, İsveç Minsk Qrupunun üzvüdür və biz həmsədrlərin işini, bu ağrılı, həlli uzanmış münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləyirik.

- Azərbaycanın həmsədrlərin işindən razı olmaması və bu institutun tərkibində islahatlar aparılması ilə bağlı fikirlər səsləndirilib. Misal olaraq, bəzi üzvlərin həmsədrlikdən çıxarılması və ya digərlərinin əlavə edilməsi kimi. İsveç yenidən həmsədrlik institutunda təmsil olunmaq üçün təşəbbüs göstərə bilərmi?

- Çox kövrək bir dövrdə olduğumuzu düşünürəm. Dörd günlük müharibə baş verdi, təmas xəttində gərginliklər, hər iki tərəfdən ölənlər oldu. Atəşkəsdən sonra da insanlar öldürüldü. Həm ikitərəfli, həm çoxtərəfli səviyyələrdə intensiv müzakirələr, məsləhətləşmələr aparıldı. Dediyiniz kimi, Minsk Qrupunun görüşü keçirildi, həmsədrlər paytaxtlarda və Dağlıq Qarabağda oldular. Düşünürəm ki, ikitərəfli səfir kimi format məsələləri ilə bağlı şərh vermək mənə düşmür. Vyanada da bir sıra addımlar atıldı və iyun ayı üçün növbəti görüş planlaşdırılır. Düşünürəm ki, münaqişənin danışıqlar yolu ilə həllini dəstəkləmək və danışıqlar masasına geri qayıtmaq çox vacibdir, çünki münaqişənin başqa yolla həlli yoxdur. Həmin günlərdə həm mülki şəxslər, həm də əsgərlər arasında dəhşətli itkilər oldu. Əsgərlər də bildiyim qədərilə olduqca gənc insanlar olub. Mənə görə, bu, çox faciəvi hadisədir və məhz buna görə danışıqların bir vasitə kimi nəzərdən keçirilməsinin vaxtıdır. Bilirəm, bəzi insanlar deyə bilər ki, bəli, biz danışıqlar apardıq, lakin bu, elə bir nəticə vermədi. Lakin düşünürəm ki, son gərginlik münaqişənin dəhşətini göstərdi və biz həm Azərbaycan, həm Ermənistan xalqları üçün həll yolu tapmalı, hər iki ölkənin vətəndaşlarına inkişaf üçün imkanlar yaratmalıyıq. Çünki təhlükələr, qeyri-stabillik və müharibə qorxusu Azərbaycanın layiq olduğu bir çox yaxşı hadisələrin baş verməsinə əngəl törədir.

- Margot Vallströmun səfəri zamanı müzakirə edilən məsələlərdən biri də qadınların münaqişələrin həlli prosesinə cəlb edilməsi məsələsi oldu. Bu sahədə hazırda həyata keçirilən və ya hansısa perspektiv layihələr mövcuddurmu?

- Bildiyiniz kimi, İsveç inkişafda, proqramlarında, xarici siyasətində və insan haqları çərçivəsindəki fəaliyyətlərində gender bərabərliyini dəstəkləyən ölkədir. Təxminən 2 il əvvəl hakimiyyətə gələn bu hökumət feminist xarici siyasət formalaşdırmaq qərarına gəldi və bunun bir qədər maraqla qarşılandığının fərqindəyəm. Lakin qadın vasitəçilərin münaqişələrin həllində az olmasını nəzərə alaraq xarici işlər nazirimizin və bizim çalışdığımız əsas məsələ münaqişələrin həlli prosesində qadınları daha çox ön cərgəyə qoymaqdan ibarətdir. Xanım Vallström ölkəmizdə danışıqlar prosesində təcrübəsi olan ən yaxşı qadınları bir araya gətirib və biz vasitəçi olmaq potensialına malik gənc xanımlardan ibarət komandaya təlim keçməyi planlaşdırırıq. Biz bu işə milli çərçivədə başlamışıq və daha sonra beynəlxalq çərçivə üzərində işləyəcəyik. Beləliklə, ancaq kişi vasitəçilərin olduğu tarix dəyişəcək. Bu həm qısamüddətli, həm də uzunmüddətli proses olacaq. Bu təşəbbüsün Avropa İttifaqı, BMT, habelə digər ölkələrdə müsbət qarşılandığından xəbərdaram. Xanım Vallström burada olarkən nazir Məmmədyarovla birlikdə qadınların münaqişələrin həll edilməsi və etimad quruculuğu tədbirlərinə cəlb edilməsi ilə bağlı müzakirələr aparıblar. Cənab Məmmədyarov da həm ikitərəfli görüşlərində, həm də mətbuat konfransında bu məsələyə müsbət yanaşdığını göstərdi. Fevraldan bəri bir çox hadisələr baş verdi, lakin biz Stokholmda bu məsələnin irəliyə doğru aparılması ilə bağlı yolları müzakirə edirik və azərbaycanlı tərəfdaşlarımıza təkliflərlə geri qayıdacağımıza ümid edirik. Ən azı, Bakının bu təşəbbüsə müsbət yanaşdığını bilirəm. Biz bu məsələ üzərində işləməyə davam etmək istərdik və bunun uğurlu ilk addım olacağını düşünürəm. Apreldə baş verən hadisələr və ondan sonra olanlar qadınların etimad quruculuğu tədbirlərinə və danışıqlar prosesinə cəlb edilməsinə ehtiyac olduğunu göstərdi. Burada olduğum bir neçə ay ərzində məcburi köçkünlərlə görüşmək imkanım oldu. Bir ölkə olaraq təxminən 1 milyon insanın yerləşdirilməsi kimi çağırışla üzləşdiyinizi bilirəm. Qaçmağa məcbur olmuş və öz evləri olmayan yerlərdə uşaqlarının qayğısına qalan bir çox qadınla görüşmüşəm. Elə lap başlanğıcdan müharibə onlara dərin təsir bağışlamışdı və nəticələr də göz qabağındadır. Beləliklə, ümid edirəm ki, birlikdə işləmək üçün yaxşı yollar tapacağıq və gender məsələləri ilə maraqlanırsınızsa, İsveç ola biləcək ən yaxşı tərəfdaşdır. Mən Moldovada 5 il səfir işlədim və gender sahəsində çox iş gördük.

- Deməli, bu sahədə konkret təkliflər yoxdur?

- Hələlik konkret təkliflər yoxdur, lakin biz bunun üzərində çalışırıq. Münaqişəyə həm qadınlar, həm də kişilər daxildir. Hamı burada maraqlı tərəfdir, o cümlədən də qadınlar. Məhz sizin xarici işlər nazirinizlə görüşdə bu təklif səsləndirildi və buna görə də biz bunun üzərində çalışmaq üçün yollar axtarmağa davam edəcəyik. Azərbaycan və Ermənistan arasında vətəndaş cəmiyyəti, insanlar arasında təmasların olduğu barədə məlumatlıyam. Bunlar çox sadə və yaxşıdır. Beləliklə, düşünürəm ki, çalışmaq üçün əsaslarımız var, lakin biz bu məsələ üzərində daha çox düşünməliyik və son hadisələr bunun həqiqətən də təcili olduğunu göstərdi.

- İsveç xarici işlər naziri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə İsveçin Azərbaycanın qaçqınlarla bağlı təcrübəsindən faydalanmaqda maraqlı olduğunu bildirmişdi. Hazırda bu məsələ ilə bağlı birgə layihələr varmı?

- Xanım Vallström şeyxülislam Allahşükür Paşazadə, həmçinin, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşlər keçirdi. Elmar Məmmədyarovla keçirilən görüşdə də qaçqın məsələsinin ümumilikdə müzakirələrin böyük hissəsini təşkil etdiyini deyərdim. İsveç son bir neçə ildə ən çox qaçqın qəbul edən Avropa ölkəsidir. Ötən il biz 160 min qaçqın qəbul etdik və son 3 ildə 300 min qaçqın qəbul etmişik ki, onların da çoxu Suriya, Əfqanıstan, Somali və İraqdan gəlib. Kiçik ölkə üçün biz çox böyük axınla üzləşdik. Biz həmişə qaçqınlara açıq və dostyana münasibət göstərmişik. Hər zaman açıq qapı siyasətimiz olub. Lakin son bir neçə il bizim üçün həqiqətən də problemli olub və bunu həll etmək üçün bütün yerli və hökumət mənbələrimizi istifadə etməli olmuşuq. Vallström burada olarkən bu məsələ müzakirə edildi. Əlbəttə, bu məsələyə də təkan verən tolerantlıq məsələsidir. Ölkənizin bir çox baxımdan tarixi olaraq tolerant olduğunu bilirəm və mən sizi digərlərinə, regiona nümunə olaraq göstərərdim. Tolerantlıq yeni beynəlxalq mühitdə bizim fərd olaraq üzləşməli olduğumuz məsələdir. Bizim nazir məcburi köçkünlər məsələləri ilə bağlı məlumat verən baş nazirin müavini Əli Həsənova diqqətlə qulaq asdı. Şeyxlə görüşdə də Vallström Azərbaycanın qaçqın məsələləri üzərində necə işlədiyini görmək üçün isveçli ekspertlərin göndərilməsi imkanlarının nəzərdən keçirəcəyini bildirib. Çünki biz bir-birimizin təcrübəsindən öyrənməliyik. Bütün təcrübələr unikaldır, lakin sizin bu sahədə uzun illərə dayanan bir təcrübəniz var. Ötən ilin dekabr ayında şeyx Paşazadə Stokholmda səfərdə oldu. Bu, Azərbaycan tərəfindən çox yaxşı təşəbbüs idi. Sizin səfirliklə birlikdə tolerantlıq və dinlərarası məsələlər üzrə seminar keçirdik. Şeyx və nümayəndə heyəti mədəniyyət və demokratiya naziri, parlament üzvləri də daxil olmaqla, bir sıra rəsmi şəxslərlə görüşdü. Bu il ərzində əgər mümkün olsa, bu dialoqu davam etdirmək üçün İsveçdən tolerantlıqla bağlı nümayəndə heyəti göndərə bilərik. Tolerantlıq tez-tez sizin prezident tərəfindən də qaldırılan məsələdir. Beləliklə, ikitərəfli olaraq biz tolerantlıq məsələləri ilə bağlı çalışacağıq.

- “Şərq tərəfdaşlığı”ndan bir çoxları artıq uğursuzluğa düçar olmuş layihə kimi bəhs edirlər.

- Bu fikirlə razı deyiləm. Düşünürəm ki, geriyə baxmalı və “Şərq tərəfdaşlığı”nın nə vaxt və nə üçün yaradıldığını xatırlamalıyıq. Avropa İttifaqı əlbəttə, qonşuluğunda stabillik, demokratiya və iqtisadi çiçəklənmənin olmasında çox maraqlıdır. Həmçinin, qonşuluğumuzda olan ölkələrin uzun illərdir bu layihədə nəzərdə tutulduğu kimi, demokratiya və iqtisadi çiçəklənmə kimi sahələrdə yaxın əlaqələr qurmaq istəklərini də qeyd etməliyik.

“Şərq tərəfdaşlığı” Avropa İttifaqı, onun üzv dövlətlərini və 6 tərəfdaş ölkəni əhatə edən birgə təşəbbüsdür. Bu birgə layihə beynəlxalq hüquq və demokratiya, qanunun aliliyi, insan haqları və azadlıqları kimi fundamental dəyərlərə əsaslanır. Habelə, azad bazar, davamlı inkişaf və yaxşı idarəçiliyə dəstəyi özündə ehtiva edir.

Aİ-nin “Şərq tərəfdaşları”na verdiyi sıx siyasi assosiasiya və iqtisadi inteqrasiyanı özündə birləşdirən təklifin doğrudan çox yaxşı təklif olduğuna inanıram. Bu cür münasibət qarşılıqlı məsuliyyət tələb edir və yaxın tərəfdaşlıq arzusunda olan ölkələr üçün islahatlar keçirilməsi mənasına gəlir. İslahatlar və böyük ehtiyaclarla bağlı yaranan çağırışları nəzərə alaraq, Avropa İttifaqı bu islahatları, keçid prosesini dəstəkləmək, demokratiyanı gücləndirmək və rəqabətlilik yaratmaq üçün əhəmiyyətli yardım paketləri təklif edib. Həmçinin, İsveç də daxil olmaqla, Avropa İttifaqı ölkələri islahatlarla bağlı yardım proqramları təklif ediblər. Mən 5 il Moldovada səfir olmuşam və İsveç bu islahatlar prosesində ölkəni dəstəkləyən ən böyük donorlardan biri olub. Bu islahatlardan bəzisi çətindir, zaman, siyasi uzaqgörənlik və cəsarət tələb edir.

Aİ 500 milyonluq istehlakçısı olan dünyanın ən iri daxili bazarıdır və bizim bazardakı standartlar təkcə Avropa deyil, həm də beynəlxalq standartlara cavab verir. Aİ bazarı iqtisadi inkişaf və konkret iqtisadi münasibətlər üçün imkanlar açan cəlbedici bazardır. Əgər bir ölkə yaxın siyasi assosiasiya və iqtisadi inteqrasiya istəyirsə, o zaman özümüz üçün yaratdığımız standartlar və qaydalar birliyə daxil olmaq istəyənlərə münasibətdə də tətbiq edilməlidir.

Deməliyəm ki, Aİ-nin təklifi yaxşı təklifdir və yenə də qüvvədədir. Bizim "Şərq tərəfdaşlığı"na yanaşmamız həmişə şəffaf olub və tərəfdaşlarımız tərəfindən ifadə edilən maraq və ehtiyaclara əsaslanıb. Avropa İttifaqı “Şərq tərəfdaşlığı”nı geosiyasi oyun kimi görmür, əksinə biz hamı üçün faydalı olan stabil, çiçəklənən bölgə yaradılmasını istəyirik.

- Ümumi götürsək, Azərbaycan və Avropa İttifaqının münasibətlərinin gələcəyini necə görürsünüz?

- Müsbət görürəm. Avropa İttifaqı və Azərbaycan arasında danışıqların yeni hüquqi əsasda tezliklə başlanacağı üçün şadam. İsveç danışıqların tez bir zamanda başlamasının və daha geniş bir razılaşmanın güclü dəstəkçisidir. Çünki Azərbaycan Avropa İttifaqı üçün önəmlidir. Azərbaycan həm də İsveç üçün çox önəmlidir. Sizin çox yaxşı iqtisadi potensialınız olduğunu düşünürəm. Yanvarda bura gəldiyimdən bəri islahatlar və Azərbaycanı investisiyalar üçün əlverişli bir yerə çevirmək üçün yeni iradə görürəm. Gömrükdə aparılan dəyişiklikləri görmüşəm. Gömrük orqanlarının yaxşı fəaliyyət göstərdiyi barədə eşitmişəm. Dəyişikliklərin digər agentliklərdə də baş verə biləcəyini və qanunvericiliyin biznes tərəfdaşlıqlarının qurulması, investorların cəlb edilməsini asanlaşdıracağını düşünürəm. Bu, sizin tərəfinizdən islahatların irəliyə doğru aparılması üçün güclü siyasi iradənin olmasını və bizim çiçəklənən, demokratik Azərbaycana olan marağımızı göstərir. İsveçdən bura biznes nümayəndə heyəti gəlmişdi. Mən yanvarda səlahiyyətlərimin icrasına başlayarkən sizin prezident və nazir Azərbaycanın İsveçlə yeni iqtisadi əlaqələr qurmaq istədiyini bildirmişdi və sizin üçün prioritet olan sahələri bilirəm. Bu yaxınlarda Avropa İttifaqı biznes forumu keçirildi və orda əsas sahələr kənd təsərrüfatı, turizm və nəqliyyat idi. Fəaliyyətim müddətində diqqətimə çatdırılan məsələlərdən biri də informasiya kommunikasiya texnologiyaları sahəsi idi. İT sahəsində İsveç dünyanın lider ölkələrindən biridir. Bu yaxınlarda 8 aparıcı İsveç şirkətindən ibarət nümayəndə heyətimiz burda idi. Bizim Rabitə və Yüksək Texnologiyalar Nazirliyində nazir müavini Elmir Vəlizadə ilə çox səmimi görüşümüz oldu. Müxtəlif şirkətlərlə görüşdük. İsveç şirkətlərini potensial azərbaycanlı tərəfdaşlarına tanıtmaq üçün biznes seminar təşkil etdik. İsveç şirkətlərinin burdakı fəaliyyəti üçün yaxşı potensialın olduğunu və Azərbaycan tərəfindən də müsbət yanaşma görürük. Şirkətlər bundan sonra da təmaslarını davam etdirəcək və işlər uğurlu getdiyi təqdirdə, biz digər sahələr üçün başqa şirkətlərin də bura gəlməsini nəzərdən keçirəcəyik.

- Azərbaycan və Ermənistan prezidentləri ötən həftə Vyanada görüşdülər. Tərəflər qısa müddət ərzində insidentlərin araşdırılması mexanizminin yaradılması və ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin fəaliyyətinin genişləndirilməsi ilə bağlı razılığa gəldilər. Bu görüşlə bağlı şərhiniz necədir?

- Səmimi desəm, mən də bu barədə ancaq mediadan oxuduqlarım qədər məlumatlıyam. Ümid edirəm ki, Vyanada başlanmış proses davam edəcək və iyun ayı üçün planlaşdırılan görüş baş tutacaq, həm Ermənistan, həm də Azərbaycan irəliləyişə nail olmaq üçün danışıqlara tam cəlb olunacaqlar. Düşünürəm ki, bu işi danışıqları aparan tərəflər və tərəfdaşlara buraxmaq vacibdir.

- İsveç Krallığının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

- Bu, uzun illərdir bilinən bir mövqedir və dəyişməyib. Yeganə mümkün variant danışıqlar vasitəsilə həlldir. Bu, uzun illərdir müzakirə edilən beynəlxalq hüquqa və 3 prinsipə əsaslanmalıdır. Lakin mən sizə bizim gördüyümüz işlər barəsində də məlumat vermək istərdim. İki qaçqın düşərgəsini ziyarət etmişəm. Biri məktəbi olmaqla, çox müasir, digəri isə köhnə idi. Biz qaçqınlar məsələsinə həssas yanaşdığımız üçün bir müddət əvvəl uşaqlarla bağlı layihələrə diqqət yönəltməyə qərar verdik. Bildiyiniz kimi, dünyanın ən sevilən uşaq kitabları müəlliflərindən olan Astrid Lindgren isveçlidir. Əminəm ki, Karlsonu – “Damda yaşayan Karlsson” - da tanıyırsınız. Səfirlik və TeliaSonera/Azercell şirkətinin birgə əməkdaşlığı çərçivəsində Astrid Lindgrenin 3 kitabını Azərbaycan dilinə tərcümə etdik və bu kitabları 610 məcburi köçkün məktəblərinə payladıq. Bu təşəbbüs o qədər bəyənildi ki, biz davam etməyə qərar verdik və hazırda Gənc Tamaşaçılar Teatrında bir əsərin tamaşaya qoyulmasını maliyyələşdiririk. Bu təşəbbüs buradakı teatr və İsveçdən olan çox yaxşı teatr rejissorunun əməkdaşlığı çərçivəsində baş tutacaq. Beləliklə, bu, uşaqlar üçün ortaq İsveç-Azərbaycan layihəsi olacaq. Gələcəkdə də bu istiqamətdə görə biləcəyimiz işlər barədə düşünəcəyik.

- Hazırda İsveç və Azərbaycan arasında reallaşdıran hər hansı humanitar layihə mövcuddurmu?

- Biz BMT-nin ən iri donor ölkələrindən biriyik. Beləliklə, əgər burada BMT-nin qaçqınlarla bağlı proqramları həyata keçirilirsə, onda pulun böyük qismi İsveçdən gəlir. Hazırda ikitərəfli layihələrimiz mövcud deyil və səfirliyin də mədəni məsələlər üçün kiçik büdcəsi var. Lakin biz zaman-zaman əlavə maliyyə üçün müraciət edə bilərik. Biz bunu davam etdirəcəyik. Düşünürəm ki, ortaq əməkdaşlıq edə biləcəyimiz sahələr var.

- Əlavə etmək istədiyiniz nəsə var?

- Səfir olduğum müddətdə iki ölkə arasında əlaqələri gücləndirmək üçün əlimdən gələni edəcəyəm. Çünki güclü potensialımız olduğuna inanıram. Azərbaycan Avropa və Avropa İttifaqı üçün vacibdir. Bu ölkə sivilizasiyaların qovşağında yerləşir və geostrateji mövqeyə sahibdir. Düşünürəm ki, bizim çalışa biləcəyimiz ümumi məsələlər mövcuddur. Dialoqu mümkün qədər açıq saxlamaq çox vacibdir. Səlahiyyətlərimin icrasına başladığım andan Azərbaycanda özümü çox rahat hiss edirəm.

Foto - Ramil Zeynalov © APA HOLDİNG

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR