Tarixçi alim: "Keşikçidağ monastır kompleksinin yerləşdiyi Qarayazı düzü qədim Azərbaycan ellərindəndir"

Tarixçi alim: "Keşikçidağ monastır kompleksinin yerləşdiyi Qarayazı düzü qədim Azərbaycan ellərindəndir"
# 16 noyabr 2015 11:36 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. “Keşikçidağ (David Qareci) monastır kompleksi Azərbaycanın qədim dövlət qurumu - Albaniyanın tərkibində olub. Monastır kompleksinin ən qədim qatları alban memarlığı üçün səciyyəvi olan üslub xüsusiyyətlərini ehtiva edir”. Bunu APA-ya açıqlamasında Azərbaycan-Gürcüstan münasibətlərində ərazi məsələlərinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə deyib.

"Arxeoloqların fikrincə, Keşikçidağda iri, kobud yonulmuş daşlardan üst-üstə yığılaraq düzəldilmiş məbədlərdən biri aşkar surətdə alban tikinti üslubuna aiddir".

O bildirib ki, Borçalı, Qarayazı, Sığnaq, Zaqatala Azərbaycanın tarixi vilayətləri olub, kəsintisiz ərazi zolağı kimi Azərbaycan və Gürcüstan arasında sərhədyanı arealları əhatə edir: “Azərbaycan müəlliflərinin müəyyən etdiyi kimi, bu ərazilər Qafqaz Albaniyasının Kambisena, Hereti, Şəki vilayətlərinin tərkibinə daxil olub. Bu tarixi həqiqət istər antik və erkən orta əsr qaynaqları, istərsə də antropoloji tədqiqatların materialları ilə təsdiqlənir. Antropoloji araşdırmalar Hereti vilayətinin əhalisinin eyni antropoloji qrupa mənsub olduğunu aşkarlayıb. Eyni zamanda, Cənubi Qafqazda qan qruplarının yayılmasına dair tədqiqatlar Alazan-Əyriçay vadisinin və Şamaxı bölgəsinin əhalisinin gen tezlikləri üzrə yekcinsliyinin yüksək dərəcəsini göstərib. Keşikçidağ monastır kompleksinin yerləşdiyi Qarayazı düzü qədim Azərbaycan ellərindəndir. 1917-ci ildə Qarayazıda yaşayan əhalinin 89 faizini azərbaycanlılar, 11 faizini isə XIX-XX əsrin əvvəllərində ora köçürülmüş alman və rus məskunları təşkil edirdi”.

Tarixçi-alim əlavə edib ki, arxeoloqların fikrincə, Keşikçidağda iri, kobud yonulmuş daşlardan üst-üstə yığılaraq düzəldilmiş məbədlərdən biri aşkar surətdə alban tikinti üslubuna aiddir: “Hətta Gürcüstanda 1970-80-ci illərdə nəşr olunmuş ümumiləşdirici əsərlərdə, o cümlədən 1979-cu ildə gürcü dilində işıq üzü görmüş “Gürcüstan tarixinin oçerklərində” David Qareci kompleksinin gürcü tarixi-mədəni mühitinə mənsubluğu haqqında yalnız XI əsrin başlanğıcından etibarən bəhs edilir. Qeyd edim ki, Keşikçidağ kompleksi Azərbaycanın Ağstafa rayonunun Böyük Kəsik dəmiryolu stansiyasından təqribən 40 km şimal-şərqdə, Azərbaycan və Gürcüstan həmsərhəd zonasında yerləşir və yalçın qayalarda, mağaralarda salınmış 17 monastırı və digər dini təyinatlı tikililəri ehtiva edir”.

"Çox təəssüflə qeyd etməliyəm ki, Gürcüstanın bəzi ictimai-siyasi çevrələrində Azərbaycanın ayrılmaz parçası olan şimal-qərb bölgəsinə, həmçinin Keşikçidağ (David Qareci) monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı zaman-zaman açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir".

Ş. Rəhmanzadə qeyd edib ki, 1917-1920-ci illərdə öz istiqlaliyyətlərinə qovuşmuş Azərbaycan və gürcü xalqları eyni təhdidlərlə üzləşib: “Bu səbəbdən sıx müttəfiqlik münasibətlərinin qurulması hər iki cümhuriyyətin gündəliyində duran həyati əhəmiyyətli məsələyə çevrilmişdi. Lakin 1920-ci ildə Azərbaycanın, 1921-ci ildə isə Gürcüstanın formalaşmaqda olan Sovetlər birliyinə zorla qatılması dünya siyasətinin müstəqil subyektləri kimi onların öz münasibətlərini inkişaf etdirməsinə mane oldu. Sovet İttifaqının dağılmasının ardından yaranmış reallıqlar öz dövlət müstəqilliyini əldə etmiş Azərbaycan və Gürcüstanı bir daha geosiyasi çağırış və təhdidlərə birgə cavab vermək, öz strateji inkişaf perspektivlərini bərabər müəyyənləşdirmək zərurəti ilə qarşı-qarşıya qoyub. Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkələrimiz arasında strateji müttəfiqlik münasibətləri bərqərar olub, bir çox qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsinə başlanılıb. Azərbaycanın qonşu Gürcüstanla mehriban qonşuluq münasibətləri, dostluq əlaqələri yüz illərin sınaqlarından, tarixi gərdişin ağır imtahanlarından keçərək, bu günlərə gəlib çatıb. Lakin çox təəssüflə qeyd etməliyəm ki, Gürcüstanın bəzi ictimai-siyasi çevrələrində Azərbaycanın ayrılmaz parçası olan şimal-qərb bölgəsinə, həmçinin Keşikçidağ (David Qareci) monastırı ərazisinə və bəzi digər torpaqlarımıza qarşı zaman-zaman açıq və üstüörtülü formada iddialar irəli sürülməkdədir. Bu zaman həmin çevrələrin tarixi gerçəklikləri əks etdirməyən “konsepsiyalara” istinad etmələri problemin obyektiv və elmi-nəzəri cəhətdən tədqiqini tarixçilərimiz qarşısında olduqca vacib məsələyə çevirir”.

Xatırladaq ki, 2007-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə həmin ərazidə Keşikçidağ Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR