Mərkəzi Bank uçot dərəcəsini yenidən azaldıb

Mərkəzi Bank uçot dərəcəsini yenidən azaldıb
# 30 iyul 2014 14:30 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Mərkəzi Bank uçot dərəcəsini azaldıb.

Mərkəzi Bankdan “APA-Economics”ə verilən məlumata görə, bankın İdarə Heyəti 30 iyul 2014-cü il tarixindən etibarən uçot dərəcəsinin 4.25%-dən 3.5%-ə endirilməsi barədə qərar qəbul edib. Həmçinin, faiz dəhlizinin parametrlərinə də dəyişikliklər edilib. Dəhlizin yuxarı həddi 6%-dən 5%-ə, aşağı həddi isə 0.5%-dən 0.1%-ə endirilib. Eyni zamanda, bankların bütün depozitləri üzrə məcburi ehtiyat normaları 3%-dən 2%-ə endirilib.

Qeyd edək ki, bu ilin birinci yarısında ölkədə iqtisadi artım 2.1% təşkil edib, o cümlədən qeyri-neft iqtisadiyyatı 7% artıb. İqtisadi artımda daxili inkişaf mənbələri əhəmiyyətli rol oynayır.

Mövcud inkişaf dinamikası şəraitində iqtisadi artım, məşğulluq və inflyasiya arasında optimal tarazlıq təmin olunub. Dövr ərzində orta illik inflyasiya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.4% bəndi azalaraq 1.6%-ə enib.

İnflyasiyanın aşağı səviyyəsini, iqtisadi artıma təsir edən məcmu tələb amillərini, pul kütləsinin artım templərini nəzərə alaraq, habelə iqtisadiyyatın şaxələnməsinə, real sektorda investisiya, o cümlədən kredit fəallığının daha da yüksəlməsinə və iqtisadi artıma zəruri dəstək vermək məqsədilə Mərkəzi Bank uçot dərəcəsini aşağı salıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR