Ukrayna Təhlükəsizlik Xidməti: Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” təyyarəsi Rusiya ordusu tərəfindən vurulub

Ukrayna Təhlükəsizlik Xidməti: Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” təyyarəsi Rusiya ordusu tərəfindən vurulub
# 15 iyul 2014 13:34 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Valentin Nalivayçenko bəyan edib.

V. Nalivayçenko bildirib ki, təyyarənin Rusiya tərəfindən vurulduğuna dair təkzibedilməz sübutlar var. O, apardıqları təhqiqatın nəticələrini bu gün ölkə prezidenti Petro Poroşenkoya təqdim edəcəklərini deyib: “Təhqiqat başa çatıb. Təkzibedilməz sübutlar var, bunlar əvvəlcə prezidentə məruzə ediləcək, daha sonra dərc olunacaq”.

Qeyd edək ki, iyulun 14-də Ukraynanın Rusiya ilə həmsərhəd Luqansk vilayəti ərazisində Ukrayna Hava Qüvvələrinə məxsus “An-26” hərbi nəqliyyat təyyarəsi 6500 metr yüksəklikdə vurulub. Təyyarədə 7 ekipaj üzvü və yükü müşayiət edən bir nəfər olub. Ekipaj təyyarə vurulduqdan sonra paraşütlə yerə tullanıb. Onlardan ikisi separatçılara əsir düşüb, digər 6 nəfərin taleyi naməlumdur. Separatçıların əlində bu yüksəklikdə uçan təyyarəni vura biləcək silah sisteminin olmadığı bildirilir.

Ukraynanın Avropa Birliyindəki daimi nümayəndəsi Konstantin Yeliseyev Ukraynanın şərqindəki separatçıların Rusiya tərəfindən dəstəklənməsi ilə bağlı sənədləşdirilmiş faktları AB və Avropa Parlamentinə təqdim edib. O bildirib ki, Ukraynanın antiterror əməliyyatında qazandığı uğurlardan sonra Rusiyanın separatçılara dəstəyi daha açıq və kobud xarakter alıb. Səfir Avropa Birliyini AB Şurasının iyulun 16-da keçiriləcək toplantısında Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR