Bilik Fondu Bakıda "Kitab mənim ən yaxın dostumdur" adlı ədəbi-bədii tədbir keçirib

Bilik Fondu Bakıda "Kitab mənim ən yaxın dostumdur" adlı ədəbi-bədii tədbir keçirib
# 30 aprel 2015 10:23 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Prezident yanında Bilik Fondunun təşkilatçılığı ilə Yasamal rayonu 53 saylı tam orta məktəbdə "Kitab mənim ən yaxın dostumdur" adlı ədəbi-bədii tədbir keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə uşaq yazarı, professor Zahid Xəlil, dramaturq Əli Əmirli, yazarlar Arzu Soltan, “Sehrli dünya” uşaq jurnalının baş redaktoru Gülzar İbrahimova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin şöbə müdiri Sevinc Rəsulova, Yasamal rayon İcra hakimiyyəti başçısının müavini Təravət Muradova, Humanitar işlər üzrə şöbə müdiri Zöhrab Cəfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı İsmayıl Məmmədli, məktəb direktorları, kitabxana və ev muzeylərinin rəhbərləri iştirak ediblər.

Bilik Fondunun Yasamal rayonu üzrə nümayəndəsi, 53 saylı orta məktəbin direktoru Firəngiz Həsənova son zamanlar mütaliəyə xüsusi diqqət ayrıldığını, uşaqların kitaba marağının artdığını deyib.

Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov mütaliənin gənclərin tərbiyəsində və dünyagörüşünün inkişafında rolundan danışıb, uşaqlarda kitaba sevginin formalaşdırılmasında orta məktəblərin qarşısında duran vəzifələrdən söhbət açıb.

Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumun birbaşa missiyası olan maarifçilik fəaliyyətində mütaliənin əvəzsiz olduğunu vurğulayıb. İcraçı direktor Bilik Fondunun kitabların, oxu mədəniyyətinin təbliğatı sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib.

Tədbirdə şagirdlər tərəfindən Dədə Qorqudun öyüdləri, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan C. Cabbarlı, C. Məmmədquluzadə, M.Ə.Sabirin əsərlərindən nümunələr səsləndirilib, iştirakçılara müxtəlif musiqi nömrələri təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR