Qarabağ Azadlıq Təşkilatı Türkiyənin “Sabah” qəzetini təxribatda ittiham edib

Qarabağ Azadlıq Təşkilatı Türkiyənin “Sabah” qəzetini təxribatda ittiham edib
# 05 dekabr 2014 08:55 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Türkiyənin “Sabah” qəzetində işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “Dağlıq Qarabağ Cumhuriyeti” kimi təqdim edilməsi ilə bağlı etiraz bəyanatı yayıb.

QAT-dan APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, son günlərdə Türkiyənin bəzi rəsmi və qeyri-rəsmi dairələrində, mətbu orqanlarında ermənilərin birbaşa təzyiqi və təşəbbüsləri altında Azərbaycanın maraqları ilə bağlı xoşagəlməz hadisələr baş verir.

“Belə hadisələrdən biri də Türkiyənin “Sabah” qəzetində işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin “Dağlıq Qarabağ Cumhuriyeti” adı ilə təqdim edilməsidir. Hesab edirik ki, bu hadisə erməni fitnəsinin nəticəsidir və həqiqətin kobud şəkildə saxtalaşdırılmasından başqa bir şey deyil. Bu hərəkəti edənlər erməni sifarişini yerinə yetirir və bu cür vicdansızlığın qarşısında yaxşı muzd aldıqları heç kəsdə şübhə doğurmamalıdır”, - deyə bəyanatda vurğulanıb.

Qeyd olunur ki, qəzetdə təxribat xarakterli məlumatın yayılması Azərbaycanla Türkiyə arasında münasibətlərin korlanmasına, ixtilafların yaranmasına yönəlib: “Bunun erməni xüsusi xidmət orqanları, bəzi xarici mərkəzlər tərəfindən təşkil olunduğu ehtimalına ciddi yanaşılmalıdır. Bu düşmən təxribatının qarşısı dərhal alınmalıdır. Biz hesab edirik ki, Türkiyənin hüquq-mühafizə orqanları bu məsələni təcili və ciddi şəkildə araşdırmalı, qəzetin rəhbərliyini, bu yazını yazanları qanun qarşısında cəzalandırmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR