Gürcüstanda azərbaycanlı alimin kitabları çap olunub

Gürcüstanda azərbaycanlı alimin kitabları çap olunub
# 10 mart 2015 16:49 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanda filologiya elmləri namizədi, jurnalist Müşfiq Çobanlının Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinə həsr olunan "Bu dostluğun yaşı çox...", "Sazlı-sözlü Başkeçid", "Mədəd Çoşqunun poeziya yaradıcılığında özünəməxsusluq" və "Butalar Butası Səadət Buta" adlı kitabları işıq üzü görüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, kitablarda M. Çobanlının son bir neçə ildə poeziya və aşıq yaradıcılığı sahəsində elmi axtarışların nəticəsi olan və ədəbi əlaqələrimizin inkişafından bəhs edən məqalələri, Borçalı şairlərinin şeirləri dərc edilib.

Nəşrlər şifahi xalq yaradıcılığı ilə məşğul olan alimlər, filologiya fakültəsində təhsil alan tələbələr və aspirantlar üçün nəzərdə tutulub.

Kitabların elmi redaktorları filologiya elmləri doktoru, professor Abbas Hacıyev, Azərbaycan İqtisad Universitetinin fəxri professoru Aysəba Əlizadə və digərləridir.

Müəllifin APA-ya verdiyi məlumatına görə, "Sazlı-sözlü Başkeçid" kitabı beş cilddən ibarət olacaq: "Kitabın III cildi artıq çapa hazırdır. Başkeçidin (indiki Dmanisi rayonu) tarixi, dünəni və bu günü, yer-yurd adları - toponimləri, Başkeçidin məşhur azərbaycanlı alimləri, müəllimləri, həkimləli, hərbçiləri, polisləri və iş adamları haqqında bilgilərdən ibarət olan bu kitab bir növ Başkeçid haqqında ensiklopediyadır".

Qeyd edək ki, həmin kitablar Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin xətti ilə Tiflisdəki "Universal" nəşriyyatında çap olunub. Yaxın günlərdə M. Çobanlının "M. P. Vaqif və Gürcüstan" adlı daha bir kitabı işıq üzü görəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR