IDEA İctimai Birliyinin “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək

IDEA İctimai Birliyinin “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim keçiriləcək
# 09 iyul 2015 08:54 (UTC +04:00)

Bakı – APA. İyulun 18-də IDEA İctimai Birliyi və “Sevimli bala” təşkilatının birgə həyata keçirdiyi “Uşaqlar üçün laboratoriya” layihəsi çərçivəsində növbəti təlim baş tutacaq.

APA-nın məlumatına görə, “Uşaqlar üçün laboratoriya”nın iyul təlimi su və onun xüsusiyyətləri, qorunması, vacibliyi mövzusuna həsr olunacaq.

Təlim zamanı uşaqlara su və suyun xüsusiyyətləri, onun Yer kürəsi üçün vacibliyi, insan orqanizmi və ümumiyyətlə canlı aləm üçün mühüm əhəmiyyət kəsb etməsi haqqında məlumatlar çatdırılacaq, həmçinin “kiçik ekoloqlara” suyun qorunması və ona qənaət edilməsi, onun təmiz saxlanması yolları izah ediləcək.

Bundan əlavə, gənc təbiətsevərlər bir sıra eksperimentlərin keçirilməsində iştirak edəcək, şüşə su qabının içərisində meduza, fincanın içərisində göyqurşağı, həmçinin lava lampası hazırlamağı öyrənəcəklər. “Eko laboratoriya”nın iştirakçıları təlimçilərin köməyi ilə öz su aləmlərini yaradacaq və sabun köpükləri düzəldərək açıq havada əylənəcəklər.

İyul laboratoriyası uşaqlara ətraf mühitin əsas elementlərindən olan su və onun xüsusiyyətləri ilə bağlı biliklər qazandırmaqla yanaşı, onlarda kiçik yaşlarından suyun vacibliyi və ona qənaətlə bağlı təsəvvür yaratmaq baxımından faydalı olacaq.

IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində təşkil olunacaq “Uşaqlar üçün ekoloji laboratoriya”da iştirak etmək istəyənlərdən IDEA İctimai Birliyi ilə (497-63-16) əlaqə saxlamaları xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR