TBMM üzvü: “Azərbaycana nə qədər önəm verdiyimiz atdığımız addımlardan görünür”

TBMM üzvü: “Azərbaycana nə qədər önəm verdiyimiz atdığımız addımlardan görünür”
# 18 mart 2015 10:55 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Türkiyənin baş naziri Əhməd Davudoğlu Türkiyə-Ermənistan əlaqələri, Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsində prezident Rəcəb Tayyib Ərdoğanla eyni mövqeyə malikdir, məsələyə eyni həssaslıqla yanaşır. Bəlkə Azərbaycandan baxanda fərqli görünə bilər, biz Türkiyədən onların mövqeyinə baxarkən heç bir fərq görmürük. Bu mövqe də ondan ibarətdir ki, Azərbaycan torpaqları işğaldan azad edilməyənə qədər Türkiyə Ermənistanla sərhədlərini açmayacaq ”.

Bunu APA-ya açıqlamasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili İsmayıl Günəş deyib.

İ. Günəş bildirib ki, Türkiyə və Azərbaycan münasibətləri ən yüksək səviyyədədir, əməkdaşlıq strateji xarakter daşıyır: “Azərbaycan bizim üçün çox önəmlidir, qardaş dövlət, qardaş millətik. Azərbaycanın prioritetləri Türkiyənin prioritetləridir. İqtisadi, mədəni səviyyədə böyük əməkdaşlığımız mövcuddur. Digər tərəfdən, Azərbaycan üçün həssas məqamları əsas götürürük. Xocalı qətliamı, Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğal edilməsi kimi mövzulara biz də həssas yanaşırıq. Bu problemlər çözülmədikcə, Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Bu, Azərbaycana nə qədər önəm verdiyimizi göstərir”.

İ. Günəşin sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq sahəsində böyük irəliləyişlərə nail olunub: “Son olaraq dünən TANAP layihəsinin təməli atılıb. Bizim Azərbaycana nə qədər önəm verdiyimiz atdığımız addımlardan da görünür. Azərbaycanda özümüzü Türkiyədə olduğu kimi hiss edirik. Azərbaycanı çox sevirik, azərbaycanlıların da Türkiyəni eyni dərəcədə sevdiyini düşünürük. Biz hər il fevralın 26-da Türkiyə Böyük Millət Məclisində Xocalı soyqırımını lənətlə qınayır, bununla bağlı çıxışlar edir, bunu soyqırım elan edirik. İnsan haqları məsələsində əcdadlarımız necə həssas davranıbsa, biz də eyni şəkildə davranırıq”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR