Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Dünya Elm Konfransına dəvət edilib

Azərbaycan alimlərindən ibarət nümayəndə heyəti Dünya Elm Konfransına dəvət edilib
# 01 aprel 2015 15:56 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə İsrailin ölkədəki fövqəladə və səlahiyyətli səfiri Rafael Harpaz ilə görüşüb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, akademik iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərindən, həmçinin İsrailə səfərindən danışıb. O bildirib ki, fevral ayında gerçəkləşən səfər çərçivəsində İsrail Təbiət və Humanitar Elmlər Akademiyası, Qüds Universiteti, Təl-Əviv Universiteti, eləcə də digər elm və təhsil müəssisələrində keçirilən görüşlər onda xoş təəssürat yaradıb.


Azərbaycanda elm və təhsilin inteqrasiyası, həmçinin elmi-innovativ layihələr haqqında məlumat verən akademik Akif Əlizadə bu istiqamətlərdə əlaqələrin daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edib.

Səfir Rafael Harpaz isə öz növbəsində İsrailin elm və təhsilin inkişafında qazandığı uğurlar, həmçinin elmi-tədqiqat imkanları və elmi-biznes mühiti haqqında məlumat verib.

Görüşdə iki ölkə arasında elmi əməkdaşlığın inkişafı, müştərək elmi tədqiqatların təkmilləşdirilməsi istiqamətində mövcud imkanlar və azərbaycanlı tələbələr üçün İsrail universitetlərində təqaüd proqramları müzakirə edilib.

Sonda Rafael Harpaz Azərbaycan alimlərindən ibarət nümayəndə heyətini bu ilin avqust ayında İsraildə təşkil olunacaq Dünya Elm Konfransına dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR