Almaniya Azərbaycanda əsas kapitala 500 mln. dollara yaxın investisiya yatırıb - FOTO

Almaniya Azərbaycanda əsas kapitala 500 mln. dollara yaxın investisiya yatırıb - <span style="color: red;">FOTO
# 03 sentyabr 2014 07:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Almaniya-Azərbaycan Forumunun (DAF) İdarə Heyətinin sədri Hans-Eberhard Şlayerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyətinin səfəri sentyabrın 4-dək davam edəcək.

Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin uğurla davam etdiyini qeyd edən nazir indiyədək ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 67 sənəd imzalandığını bildirib. Hazırda Azərbaycanda xidmət, ticarət, tikinti, sənaye, bank, sığorta və kənd təsərrüfatı sahələrində 177 alman investisiyalı şirkət fəaliyyət göstərir. 2002-2013-cü illərdə Almaniya tərəfindən əsas kapitala 500 mln. ABŞ dollarına yaxın investisiya yatırılıb. 2013-cü ildə Azərbaycan və Almaniya arasında ticarət dövriyyəsi 25%, bu ilin yanvar-iyul aylarında isə 15% artıb.

Almaniya Azərbaycanın ticarət tərəfdaşları arasında 4-cü yerdədir. 2012-ci ildə Bakıda yaradılmış Alman-Azərbaycan Xarici Ticarət Palatası MDB məkanında ikinci belə palatadır və bu qurum ölkələr arasında iqtisadi əməkdaşlığın, ticarət əlaqələrinin genişlənməsində əhəmiyyətli rol oynayır.

Ş. Mustafayev ölkələr arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin Azərbaycan-Almaniya əməkdaşlığının daha da inkişafında faydalı olacağını diqqətə çatdırıb.

DAF-ın fəaliyyəti barədə məlumat verən H. Şlayer təmsil etdiyi qurumun Almaniya və Azərbaycan arasında əlaqələrin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçirdiyini vurğulayıb.

Daha sonra Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən ölkəmizin biznes və investisiya imkanlarına, “Sumqayıt Kimya Sənaye Parkı” MMC tərəfindən isə sənaye parkına dair təqdimatlar keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR