Qazaxıstanda tikilən Logistik Mərkəz bu ilin sentyabrında fəaliyyətə başlayacaq

Qazaxıstanda tikilən Logistik Mərkəz bu ilin sentyabrında fəaliyyətə başlayacaq
# 19 may 2015 14:43 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi qəbul edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Ş. Mustafayev səfir təyin olunması münasibətilə diplomatı təbrik edib, Azərbaycandakı fəaliyyətində uğurlar arzulayıb. Görüşdə qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğu, hazırda ölkələr arasında əməkdaşlığın inkişafı kursunun dövlət başçıları İlham Əliyev və Nursultan Nazarbayevin siyasi iradəsi sayəsində uğurla davam etdirildiyi vurğulanıb.

Azərbaycan və Qazaxıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Bu sahədə əhəmiyyətli olacaq Qazaxıstanın Aktau şəhərinə tikilən Logistik Mərkəzin bu ilin sentyabrında fəaliyyətə başlaması nəzərdə tutulur.

Görüşdə Ş. Mustafayev Azərbaycanın davamlı və dayanıqlı iqtisadi inkişafı barədə məlumat verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

B. İsabayev səmimi qəbul üçün minnətdarlığını bildirib, səfir kimi ölkəmizə təyin olunmasından məmnunluğunu ifadə edib, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səy göstərəcəyini vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edən B. İsabayev iqtisadi sahədə əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün biznes forum, təqdimat və digər birgə tədbirlərin mütəmadi keçirilməsinin məqsədəuyğunluğu qeyd edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR