Türkiyə səfiri Tərcümə Mərkəzində olub

Türkiyə səfiri Tərcümə Mərkəzində olub
# 09 iyul 2015 12:50 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Türkiyənin Azərbaycandaki səfiri İsmayıl Alpər Coşqun Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.

Mərkəzdən APA-ya verilən məlumata görə, qurumun direktoru Afaq Məsud Türkiyə-Azərbaycan qardaşlığının qədim köklərindən, ictimai- siyasi, milli-mənəvi bağlantılarından söz açıb: “Sovet ideologiyasının ən sərt qadağalar dönəmində belə, "türkçülük", "Türkiyə" sözünün yasaq olunduğu ağır dövrlərdə də Azərbaycanda böyük bir Türkiyəyə sevgisi, Türkiyə həsrəti yaşanırdı. Yadımdadı, atam - Azərbaycanın tanınmış tənqidçi alimi Məsud Əlioğlu çətinliklə əldə etdiyi qədim türkülərin lent yazılarını gizli qəhərlə dinləyir, Yunis Əmrənin, Fazil Hüsnü Dağlarcanın, Nazim Hikmətin şeirlərini sinədən əzbər deyirdi. Bu gun gənc nəsil Türkiyə-Azərbaycan arasında olan o keçilməz səddən, böyük Türkiyə yasağından xəbərsizdirlər. İstəyirəm onlar da bilsinlər ki, indi bəlkə də sadə görünən Türkiyə-Azərbaycan münasibətlərinin çox çətin, mürəkkəb dönəmləri olub”.

Daha sonra direktor Tərcümə Mərkəzinin ən ağır maddi imkansızlıq dönəmlərində türk ədəbiyyatından ərsəyə gətirdiyi ədəbi nümunələrdən, artıq bir neçə dilə tərcümə edilmiş ikicildlik “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”ndan danışıb: “Bu gün Azərbaycanın prezidenti cənab İlham Əliyevin dilə, ədəbiyyata, tərcüməyə verdiyi önəmin nəticəsidir ki, biz milli ədəbiyyatımızı layiq olduğu səviyyədə dünyaya çıxarmaq iqtidarındayıq. Artıq rus, belarus və ərəb dilinə tərcümə olunmuş ikicildlik bu payız Moskvada və Minskdə, gələn il Qahirədə nəşr olunacaq. Hazırda kitab türk dilinə tərcümə olunur, üzümüzə gələn il Ankarada, İstanbulda nəşri və geniş təqdimat mərasiminin təşkili üzrə danışıqlar aparılır. İkicildliyin ingilis, ispan, fransız və alman dilinə tərcüməsi də nəzərdə tutulub”.

Səfir Türkiyədə yaşanan Azərbaycan sevgisindən, Azərbaycanın uğurunun da, kədərinin də türk xalqı tərəfindən qarşılandığından söz açıb. O, Tərcümə Mərkəzinin işlərini yüksək qiymətləndirib.

İ. A. Coşqun əlavə edib ki, Türkiyə-Azərbaycan ədəbiyyatının qarşılıqlı mübadiləsi körpüsünün özülü daha əsaslı şəkildə qoyulmalı və bu, davamlı, uzunmüddətli bir iş birliyi olmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR