Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif olunur

Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclasının keçirilməsi təklif olunur
# 22 oktyabr 2014 15:35 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF-in) Azərbaycanda yeni təyin edilmiş nümayəndəsi Andro Şilakadze ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə B.Muradova bildirib ki, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir və onların arasında UNİCEF-in öz yeri var.

O qeyd edib ki, bu qurumla parlament səviyyəsində yüksək səviyyəli əməkdaşlıq mövcuddur: “İndiyədək Milli Məclisdə UNİCEF-in dəstəyi ilə uşaq hüquqlarının qorunmasına həsr olunmuş bir sıra qanunlar qəbul edilib, bir sıra qanunlara isə dəyişikliklər olunaraq daha da təkmilləşdirilib”. B.Muradova bundan sonra da UNİCEF-lə əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib. Görüşdə ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində görülmüş işlərdən də söhbət açılıb.

Görüş üçün təşəkkürünü bildirən Andro Şilakadze Azərbaycanın sürətli inkişafından danışıb və UNİCEF-in də bu inkişafa öz töhfəsini verməyə hazır olduğunu diqqətə çatdırıb. Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyi yüksək qiymətləndirən qonaq cari il noyabrın 20-də Uşaq Hüquqları Konvensiyasının 25-ci ildönümünün tamam olacağını, bu əlamətdar hadisənin dünyanın bir çox ölkələrində qeyd ediləcəyini bildirib və bununla bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsi təklifini irəli sürüb.

Söhbət zamanı Milli Məclisdə uşaq hüquqları ilə bağlı resurs mərkəzinin yaradılması və qarşılıqlı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR