Dövlət Komitəsi: Azərbaycanda 2 mindən artıq məscid var

Dövlət Komitəsi: Azərbaycanda 2 mindən artıq məscid var
# 07 may 2015 15:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Hazırda Azərbaycanda formalaşmış dini tolerantlıq mühitinin qorunub saxlanması və onun daha da möhkəmləndirilməsində görülən işlər nəticəsində respublikada rəsmi olaraq 598 dini icma qeydiyyatdan keçib. Bunlardan 577-i İslam, 21-i qeyri-islam təmayüllü dini icmalardır. Eyni zamanda, ölkədə 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir”.

APA-nın məlumatına görə, bu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan müasir dünyada” mövzusunda konfrans üçün “Azərbaycan: tolerantlığa nümunə ölkə” mövzusunda hazırladığı məqalədə əksini tapıb.

M.Qurbanov bildirib ki, Azərbaycan xalqının vahid ideologiya ətrafında birləşdirən onun zəngin mədəniyyəti, mənəvi dəyərləri, adət-ənənələri ilə yanaşı, həm də İslam dinidir. Onun sözlərinə görə, xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ötən müddətdə atılan ardıcıl addımlar tolerantlıq və multikulturalizm siyasətinə alternativin olmadığını sübuta yetirir.

Hazırda ölkəmizdə 2 mindən artıq məscidin olduğunu deyən komitə sədri qeyd edib ki, son 11 il ərzində isə 140-a yaxın məscid tikilib, 80 məscid isə əsaslı təmir edilib: “Azərbaycan milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Ölkə ərazisində məskunlaşan dini etnik qruplar burada özlərini nəinki yad hesab etməyib, hətta yerli əhali ilə qaynayıb qarışıblar. Fərqli dini konfessiya nümayəndələri hər zaman Azərbaycan xalqı ilə həmrəy olub, bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələri formalaşıb, dini və irqi zəmində heç bir ayrı-seçkilik faktı qeydə alınmayıb. Tolerantlığın Azərbaycanda çox möhkəm təməl sütunları, zəngin ənənələri, dərin tarixi-mədəni kökləri mövcuddur. Dözümlülük, başqa dinlərin nümayəndələri ilə dinc-yanaşı yaşamaq azərbaycanlıların milli mentalitetinin əsas xüsusiyyətlərindəndir. Ölkədə tarixən İslam dini ilə yanaşı Xristianlıq, Yəhudilik dininə mənsub insanlar qarşılıqlı anlaşma mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıblar. Xalqın dini dəyərlərinin və mədəniyyətinin qorunması istiqamətində ötən müddətdə atılan ardıcıl addımlar tolerantlıq və multikulturalizm siyasətinə alternativin olmadığını sübuta yetirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR