“Xəzər Lənkəran” afrikalı futbolçu ilə müqavilə bağlayır

 “Xəzər Lənkəran” afrikalı futbolçu ilə müqavilə bağlayır
# 07 iyul 2014 13:50 (UTC +04:00)

Bakı – APA. Ərzurumda təlim-məşq toplanışını başa vuran “Xəzər Lənkəran” artıq Türkiyədən Sloveniyaya yollanıb. Apasport.az xəbər verir ki, cənub təmsilçisi hazırlığın ikinci mərhələsini Toplitse şəhəri yaxınlığında keçirəcək.

Yeni futbolçulardan Rəşad Sadiqov, Aleksandr Şemonayev, Qalin İvanov və Fernando Gabriel də komanda ilə birgədi. Türkiyədəki toplanışa qatılmayan Mbilla Etame və Sadio Tounkaradan isə xəbər-ətər yoxdu.

Belə ki, hər iki futbolçu “ağ-yaşıllar”ın düşərgəsinə qayıtmayıb. Klub rəhbərliyi afrikalı legionerlərlə əlaqə saxlamaq istəsə də, bu mümkün olmayıb. “Xəzər Lənkəran” isə onlardan FİFA-ya şikayət etmək fikrindədi.

Rəşad Sadiqov və Aleksandr Şemonayev kimi yerli futbolçuları düşərgəsinə qatan cənub klubu daha bir azərbaycanlı futbolçunu heyətinə qatmaq üzrədi. Belə ki, maliyyə problemləri səbəbindən “Bakı”dan ayrılan Rauf Əliyevin 2 gün sonra Sloveniyaya yola düşəcəyi gözlənilir. Artıq tərəflər arasında razılıq əldə olunsa da, “Bakı” rəhbərliyi bu keçidin reallaşmasına problem yaradır.

Baş məşqçi Oğuz Çətinin “Şanlıurfaspor”dan israrla transfer etmək istədiyi Alfred Sanko ilə də razılığa gəlinib. Syerre-leoneli yarımmüdafiəçi artıq komandanın Sloveniyadakı toplanışına qatılıb. Onunla yaxın günlərdə müqavilə imzalanacağı bildirilir. Bunu saytımıza açıqlamasında afrikalı futbolçunu meneceri Ahmet Arslan da təsdiqləyib:

“Alfred Sanko “Xəzər Lənkəran”ın düşərgəsindədir. O, artıq yeni komandası ilə müqavilə imzalayacaq. Müqaviləsinin müddətini sizə deyə bilmərəm. Amma əminliklə deyirəm ki, o, artıq “Xəzər Lənkəran”ın futbolçusudu və növbəti mövsüm orada olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR