“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik ediləcək

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik ediləcək
# 30 sentyabr 2015 15:47 (UTC +04:00)

Bakı - APA. Milli Məclisin Mədəniyyət komitəsinin cari ilin payız sessiyası dövründə ilk iclası keçirilib.

Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komitənin sədri Nizami Cəfərov 2015-ci il yaz sessiyası zamanı Mədəniyyət komitəsinin 3 iclasının keçirildiyini, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” qanunlara dəyişiklik edilməsi, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlərinin təyin edilməsi ilə bağlı məsələlərin müzakirə olunduğunu bildirib. İclasda 2015-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə məlumat verilib. Komitə sədri deyib ki, bu müddət ərzində “Kinematoqrafiya haqqında” qanuna dəyişikliklər edilməsi ilə bağlı sənədə, habelə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi”, “Kulinariya mədəniyyəti haqqında”, “Azərbaycan aşıq sənətinin qorunması və inkişaf etdirilməsi”, “Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında” yeni qanun layihələrinə baxılması nəzərdə tutulub.

Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.

Daha sonra “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik edilməsi barədə məsələ təqdim olunub. Qanunun “Təkzib, düzəliş və cavab vermək hüququ” adlanan 44-cü maddəsinə üçüncü hissənin əlavə edilməsi təklif olunur. Əlavəyə əsasən kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir.

Müzakirələrdə çıxış edən millət vəkili Jalə Əliyeva, parlament aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova təklif olunan düzəlişin əhəmiyyəti barədə öz fikirlərini açıqlayıblar.

İclasın sonunda deputatlar qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR