Xankəndindən olan məcburi köçkün sahibkarla dövlət dəstəyi gücləndirilir

Xankəndindən olan məcburi köçkün sahibkarla dövlət dəstəyi gücləndirilir
# 27 dekabr 2013 08:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics Bu gün Bakıda Xankəndindən olan 100 nəfərdən çox məcburi köçkün sahibkarla görüş keçirilib. Tədbir «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı» çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən təşkil olunub.


«APA-Economics»in məlumatına görə, tədbirin keçirilməsində əsas məqsəd Xankəndindən olan məcburi köçkün sahibkarların dövlətin güzəştli kreditlərindən istifadə imkanlarının təşviq edilməsi, güzəştli kreditlərin verilməsi mexanizmi barədə sahibkarların məlumatlandırılmasıdır.


Görüşdə məcburi köçkün sahibkarlar üçün güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan kiçik həcmli çörək istehsalı müəssisəsinin, cins heyvandarlıq, narçılıq, üzümçülük, pambıqçılıq təsərrüfatları, toxuculuq müəssisəsi və s. yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.


Xankəndinin millət vəkili Flora Qasımova bildirib ki, məcburi köçkünlər dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub. Onun sözlərinə görə, bu tədbirdə köçkün sahibkarlara SKMF tərəfindən kənd təsərrüfatı kreditləri veriləcək. Bu kreditlər hesabına onlar öz fəaliyyətlərini genişləndirə biləcəklər.


SKMF-in icraçı direktoru Şirzad Abdullayev isə güzəştli kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə həyata keçirilən layihələr barədə danışıb.


O bildirib ki, indiyədək 1 200-ə yaxın məcburi köçkün sahibkara 24 mln. manat, o cümlədən bu il 307 məcburi köçkün sahibkara 5 mln. manat güzəştli kredit verilib: «Bu kreditlər hesabına məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 2 000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Son illərdə məcburi köçkün sahibkarlar tərəfindən həyata keçirilən, yeni texnologiyaların tətbiqinə əsaslanan 4 iri investisiya layihəsinin maliyyələşdirilməsinə 14,3 mln. manat güzəştli kredit verilib. Artıq bu müəssisələr istifadəyə verilib və orada işləyənlər məcburi köçkünlərdir».


Ş.Abdullayev qeyd edib ki, gələn il digər işğal olunmuş rayonlardan olan məcburi köçkün sahibkarlarla da bu cür tədbirlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR