Parlament komitələri “İctimai iştirakçılıq haqqında” qanun layihəsini müzakirə ediblər - APA TV

Parlament komitələri “İctimai iştirakçılıq haqqında” qanun layihəsini müzakirə ediblər - <span style="color: red;">APA TV
# 15 may 2013 10:07 (UTC +04:00)

APA-nın məlumatına görə, layihə barədə məlumat verən deputat Azay Quliyev bildirib ki, layihə birinci oxunuşda müzakirə olunan zaman həm komitələr, həm də ictimaiyyət tərəfindən səsləndirilən təkliflər ikinci oxunuşda nəzərə alınıb.

Onun sözlərinə görə, siyasi plüralizm, yazılı məsləhətləşmə və sair məsələlərlə bağlıdır. Belə ki, qanun layihəsinin 4-cü maddəsində nəzərdə tutulan ictimai iştirakçılığın prinsipləri siyahısına siyasi plüralizm və bərabərlik, ayrı-seçkiliyə yol verilməməsi prinsipləri də əlavə olunub. Bundan başqa qanunun 6-cı maddəsində göstərilən ictimai iştirakçılığın formalarına yazılı məsləhətləşmələr əlavə olunub. Əlavə olan təkliflər arasında bir şəxsin yalnız bir dəfə İctimai Şuranın üzvü ola biləcəyi də öz əksini tapıb.

Müzakirələr zamanı deputat Fazil Mustafa bildirib ki, qanunun tərəfdarı olsa da, bu qanunu işləyəcək qanunlar sırasında görmür: “Çünki məmur-vətəndaş münasibətləri elə bir səviyyədədir ki, bu qanunun işlənməsi real görünmür”.

İnsan haqları komitəsinin sədri Rəbiyyət Aslanova isə deyib ki, layihədə xeyli təkrarlığa yol verilib. O eyni zamanda İctimai Şuranın səlahiyyət müddətinin 2 il olmasına etiraz edib. Komitə sədri qeyd edib ki, əvvəlki variantda 3 il nəzərdə tutulurdu və həmin variant daha məqbul idi.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli layihəni demokratik dövlət quruculuğunda kulminasiya nöqtələrindən biri adlandırıb.

4 fəsil, 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericilikdə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada İctimai Şura müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 2 ildir. İctimai şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır.

Müzakirələrdən sonra layihə ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR