Azərbaycanın iqtisadiyyat və sənaye naziri Serbiya prezidenti tərəfindən qəbul edilib

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Serbiya prezidenti tərəfindən qəbul edilib
# 04 mart 2014 22:15 (UTC +04:00)

Bakı-APA. 3-4 mart tarixlərində Belqrad şəhərində Azərbaycan ilə Serbiya arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib. Azərbaycanın Serbiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə Serbiya baş nazirinin müavini, xarici və daxili ticarət və telekommunikasiya naziri Rasim Lyayiçin həmsədr olduqları geniş tərkibdə iclasda iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən ticarət-iqtisadi, investisiya, maliyyə və bank sektoru, sənaye, nəqliyyat və infrastruktura, enerji və təbii ehtiyatlar, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, mədəniyyət və turizm, elm və təhsil, gənclər və idman, informasiya və kommunikasiya texnologiyaları, habelə səhiyyə sahələrində əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə dair ətraflı müzakirələr aparılıb.

İclasın yekunlarına dair protokol imzalanıb.

İmzalanma mərasimindən sonra Ş.Mustafayev və R.Lyayiç mətbuata açıqlama veriblər.

Səfər çərçivəsində Ş.Mustafayev Serbiya prezidenti Tomislav Nikoliç tərəfindən qəbul edilib. Görüşdə Azərbaycanla Serbiyanın dövlət başçılarının bilavasitə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilib və bu münasibətlərin daha da genişləndirilməsinin və dərinləşdirilməsinin vacibliyi vurğulanıb.

Səfər zamanı nazir Ş.Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Serbiyadakı səfirliyinin əməkdaşları ilə birgə Azərbaycan hökumətinin dəstəyi ilə əsaslı təmir və bərpa edilmiş “Taşmaydan” parkını ziyarət edib, burada ucaldılmış Heydər Əliyevin, eləcə də görkəmli serb yazıçısı Milorad Paviçin heykəllərinin, habelə Belqrad şəhərinin bombalanması zamanı həlak olmuş uşaqların xatirə lövhəsinin önünə tər çiçəklər qoyublar.

Səfər Serbiya KİV-də geniş işıqlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR