Azərbaycanda avtomobilin tam məhv olması hallarında sığorta ödənişinin yeni qaydaları müəyyənləşir

Azərbaycanda avtomobilin tam məhv olması hallarında sığorta ödənişinin yeni qaydaları müəyyənləşir
# 10 iyun 2014 10:58 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanda avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması hallarında sığorta ödənişinin yeni qaydaları müəyyənləşir.

APA-nın məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsinə əsasən bu hallarda sığorta şirkəti avtomobil sahibinə sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənməlidir.

Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında bir sıra hüquqları var. Sığorta şirkəti avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxa bilər. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır. Sığorta şirkəti avtomobil sahibindən həmin qalıqların onun mülkiyyətinə verilməsini də tələb edə bilər. Sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi də mümkündür. İpoteka qoyulan avtomobilin sığortası üzrə sığorta hadisəsi baş verdiyi tarixdə faydalanan şəxs olan ipoteka saxlayana borclunun (ipoteka qoyanın) borc (kredit) müqaviləsi üzrə sığorta ödənişinin verildiyi tarixə ona ödəməli olduğu məbləğdən artıq sığorta ödənişi verilə bilməz. Girov qoyulan avtomobilin tam məhv olması ilə nəticələnən sığorta hadisəsi baş verdikdə, sığorta müqaviləsində nəzərdə tutulduğu halda faydalanan şəxs olan girov saxlayan borclunun (girov qoyanın) borc (kredit) müqaviləsi üzrə müəyyən edilmiş borcun ödənilməmiş hissəsində sığorta ödənişi almaq hüququ var.

Ancaq avtomobil sahiblərinin bu hallarda sığorta ödənişi almaları üçün yeganə şərt odur ki, qəza baş verən zaman 5 iş günü müddətində bu barədə sığortaçıya yazılı məlumat versinlər. Sənədə əsasən sığortaçı sığorta ödənişini müəyyən olunmuş müddətdə ödəmədikdə hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1%-i həcmində dəbbə pulu ödəyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR