Vyanada İranla ABŞ arasında nüvə müzakirələri keçirilib

Vyanada İranla ABŞ arasında nüvə müzakirələri keçirilib
# 09 aprel 2014 10:00 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün Vyanada İranla ABŞ arasında ikitərəfli müzakirələr keçirilib.

APA-nın İRİNN telekanalına istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şerman bir araya gəlib.

Görüşün detalları barədə məlumat verilməsə də, İranın nüvə məsələsi ilə bağlı öz həllini tapmayan mövzularla əlaqədar fikirlərin yaxınlaşdırılması əsas müzakirə mövzusu olub. Bundan əvvəl A.Əraqçı Rusiya və Çin nümayəndələri ilə görüşüb. Eyni zamanda İranla Böyük Britaniya arasında da ikitərəfli nüvə müzakirələri keçirilib.

Qeyd edək ki, aprelin 8-də Vyanada İranla “altılıq” ölkələri arasında mübhaisəli məsələlərin həlli məqsədilə növbəti nüvə müzakirələri başlayıb. İki gün davam edəcək danışıqlar yekun razılaşmanın qaralamasının hazırlanması mərhələsinə daxil olacaq. Müzakirələrdə əsasən üç məsələ ətrafında fikir mübadiləsi aparılacaq, ancaq onların nədən ibarət olduğu açıqlanmayıb. Lakin Ərak ağır su nüvə reaktoru, uranın zənginləşdirilməsinin səviyyəsi, sanksiyaların aradan qaldırılması, dincməqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı addımlar kimi məsələlər mübahisəli mövzular kimi qalmaqda davam edir. Danışıqlar İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında öz işinə başlayıb, daha sonra müavinlər səviyyəsində davam etdirilib. Bundan bir gün əvvəl M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələrək, ikigünlük danışıqların əsas mövzularını təyin ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR