III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək
# 12 mart 2014 16:54 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Martın 13-də Londonda “Bakı prosesi”nin 5 illik yubiley mərasimi və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan haqqında film nümayiş etdiriləcək. Bundan başqa, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının tərəfdaşlığı ilə 2011 və 2013-cü illərdə Bakıda keçirilmiş I və II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları və növbəti III Dünya Forumunun prioritetləri təqdim olunacaq.

Nazirlikdən bildiriblər ki, tədbirdə beynəlxalq təşkilatların yüksək vəzifəli şəxsləri, Böyük Britaniyanın parlament üzvləri, nüfuzlu siyasətçilər və elm xadimləri iştirak edəcəklər.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun iclası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə keçiriləcək.

Qeyd edək ki, 2008-ci il dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı keçirilmişdi. Konfransda prezident İlham Əliyevin təşəbbüsü ilə mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi"nin əsası qoyulmuş və "Mədəniyyətlərarası dialoqa dair Bakı Bəyannaməsi" qəbul edilmişdi.

III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun 2015-ci ilin payızında Bakıda keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR