Milli Məclisdə Əbülfəz Elçibəyin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təklif edilib

Milli Məclisdə Əbülfəz Elçibəyin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması təklif edilib
# 14 may 2013 10:04 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Milli Məclisin bugünkü iclasında millət vəkili Fərəc Quliyev Azərbaycanın sabiq prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təklif edib.

APA-nın xəbərinə görə, F.Quliyev eyni zamanda Güney Azərbaycandakı milli fəalların azad olunması üçün Azərbaycan parlamentinin müraciət göndərməsinin vacib olduğunu bildirib.

O, beynəlxalq təşkilatların Azərbaycana təzyiqlərinə də toxunub. Spiker Oqtay Əsədov isə qeyd edib ki, beynəlxalq institutların Azərbaycana təzyiqlərini hamı görür: “İndiyədək hansı partiya, müxalifət qəzeti beynəlxalq institutlara müraciət edib?”

Deputat Elman Məmmədov Xocalı soyqırımı abidəsinin ziyarət edilməsinin protokola salınmasını təklif edib.

Millət vəkili Sabir Rüstəmxanlı Azərbaycan dövlətini Cənubi Azərbaycanda soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində cəsarətsizlikdə günahlandırıb. O, çıxışında AMEA-nın əməkdaşı Xalidə Xalidin həbsinə də toxunub və Azərbaycan dövlətini onun azadlığa çıxması üçün daha ciddi səylər göstərməyə çağırıb.

Spiker Oqtay Əsədov isə deyib ki, bu məsələlərdə populizmə yol vermək düzgün deyil: “Siz Dünya Azərbaycanlıları Konqresinin sədrisiniz, bu məsələlər barədə daha çox siz danışmalısınız. Azərbaycan dövləti bir istiqamətdə mübarizə aparır. Hamı populist çıxışlar etməyə çalışır, siyasi məsələlərə dərindən baxmır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR