Azərbaycanda növbəti 10 il ərzində turizm sahəsində hazırlanacaq kadrların sayı açıqlanıb

Azərbaycanda növbəti 10 il ərzində turizm sahəsində hazırlanacaq kadrların sayı açıqlanıb
# 12 fevral 2014 10:29 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin, Azərbaycan Turizm İnstitutu ilə birlikdə hazırladığı Azərbaycanda turizm sektorunun növbəti 10 il üçün inkişaf templəri açıqlanıb.

APA-nın xəbərinə görə, ATİ-nun rektoru Cəfər Cəfərov deyib ki, turizm təhsili sahəsində müxtəlif peşələr üzrə 2023-cü ilə olan proqnoza əsasən 75600 nəfər tələb olunacaq və bu da indiki rəqəmlərdən 8,3 dəfə çoxdur. O bildirib ki, proqnozlaşdırılan işçilərin müxtəlif peşə ixtisaslarına görə bölgüsü beynəlxalq təcrübəyə uyğun olaraq faiz hesabı ilə ali təhsil üzrə 20%, orta ixtisas təhsili üzrə 30-40% və peşə ixtisası təhsili üzrə 50-60% təşkil edəcək: “Burdan çıxan nəticə odur ki, 2023-cü ildə tələb olunan ali təhsilli şəxsin sayı ən azı 15000 nəfər olacaq. ATİ-də isə hazırda 1710 nəfər təhsil alır və mövcud maddi-texniki imkanlar bizə hər il təxminən 300 nəfərin qəbul edilməsinə imkan verir ki, bu da hesablayanda 2023-cü ilədək əlavə 3000 nəfər deməkdir. Bu da 2023-cü ildə tələb olunan 15.000 ali təhsilli turizm mütəxəssisinin ancaq 1/5 hissəsini hazırlaya biləcəyimizdən xəbər verir”.

C. Cəfərov qeyd edib ki, bütün hesablamalar turizm təhsilində ciddi addımlar atılmasını tələb edir və kütləvi kadr hazırlığı prosesi başlanılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR