İP Koordinasiya Şurasının üzvü: “İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil”

İP Koordinasiya Şurasının üzvü: “İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil”
# 15 may 2013 10:38 (UTC +04:00)

Bakı. Ramil Məmmədli-APA. “İctimai Palatanın bundan sonrakı taleyi bəlli olmadığından, Koordinasiya Şurasına seçkilər məsələsi arxa plana keçib. İctimai Palatanın Koordinasiya Şurasına seçkilərin keçirilməsi məsələsi sual altındadır”.

Bu açıqlamanı APA-ya İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) üzvü, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı verib.

O qeyd edib ki, İP KŞ-ya seçkilərin gecikdirilməsi, bu qurumda vətəndaş cəmiyyəti mənsublarının sayının və çəkisinin artırılması məqsədi daşıyıb: “Belə qərarın verilməsinə səbəb cəmiyyətdə və siyasi dairələrdə İctimai Palata ilə bağlı yaranan fikri dəyişmək olub. Yəni həmin vaxt bəziləri İctimai Palatanı AXCP ilə Müsavat Partiyası tərəfindən yaradılan və bu partiyaların nəzarətində olan qurum kimi xarakterizə edirdilər. Biz də bu fikri dəyişmək istədik. Həmin qərardan sonra bu istiqamətdə addımlar atılsa da, konkret irəliləyiş yoxdur. Həmçinin, İctimai Palatanın Koordinasiya Şurasına keçiriləcək seçkilərin də vaxtı açıqlanmayıb”.

R. Manaflı İP-in gələcək taleyindən narahatlığını da ifadə edib: “Digər tərəfdən İctimai Palatanın taleyinin necə olacağı bəlli deyil. Çünki İctimai Palata üzvləri hazırda Milli Şuranın yaradılması ilə bağlı danışıqlar prosesində iştirak edirlər. Hətta Milli Şuranın yaradılması ilə bağlı İctimai Palata daxilində müəyyən narazılıqlar da yaranıb. İctimai Palatada mövcud olan ətalətə baxmayaraq, Milli Şuranın yaradılması ilə bağlı məsələyə aydınlıq gəlməyənə qədər bu qurumun fəaliyyətinə xitam verilib-verilməməsi məsələsi haqda bir söz demək mümkün deyil. Qarşıdan gələn sessiyada İctimai Palatanın fəaliyyətinin dayandırılması haqda təklifin səsləndirilməsi və ya müzakirəyə çıxarılması real görünmür. Növbəti sessiyalarda ola bilsin belə təkliflər səslənsin”.

Onun fikrincə, İctimai Palata fəaliyyətini davam etdirərsə, bu zaman Koordinasiya Şurasına seçkilərin keçirilməsi prezident seçkilərindən sonraya saxlana bilər.

O, İP-in qorunub saxlanmasının tərəfdarı olduğunu deyib: “İctimai Palata Azərbaycan siyasətində öz spesifikliyi və novatorluğu ilə seçildi. Bu gün Milli Şuranın yaradılması ilə bağlı danışıqların getdiyi açıqlanır və proseslə bağlı bəzi məqamlardan biz də məlumatlı oluruq. Ancaq Milli Şuranı İctimai Palatanın zəif forması kimi görürəm. Məncə, İctimai Palata hələ çox iş görə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR