Azərbaycan dövlət büdcəsinin profisiti 108 mln. manat təşkil edib

Azərbaycan dövlət büdcəsinin profisiti 108 mln. manat təşkil edib
# 18 aprel 2014 08:14 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. 2014-cü ilin I rübündə dövlət büdcəsinin mədaxili 4 482,7 mln. manat, xərcləri 4 374,3 mln. manat olub. Nəticədə 108,4 mln. manat məbləğində büdcə profisiti yaranıb.

APA-Economics”in xəbərinə görə, bu ilin yanvar-mart aylarında dövlət büdcəsinin mədaxili 4 225,8 mln. manat proqnoza qarşı 4 482,7 mln. manat və yaxud 106,1% (256,9 mln. manat çox) icra olunub.

Vergilər Nazirliyi mədaxil proqnozunu 107,1% icra etməklə dövlət büdcəsinə 1 762,8 mln. manat vəsait təmin edib ki, bu da proqnoza nisbətən 117,3 mln. manat, 2013-cü ilin eyni dövrü ilə müqayisədə isə 239,5 mln. manat və yaxud 15,7% çoxdur.

Bu ilin I rübündə Dövlət Gömrük Komitəsi tərəfindən proqnoza 100,2% əməl edərək büdcəyə 330,4 mln. manat vəsait təmin edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,1% və yaxud 40,9 mln. manat çoxdur.

Dövlət Neft Fondundan dövlət büdcəsinə 2 342,6 mln. manat vəsait köçürülüb.

Hesabat dövründə dövlət büdcəsinin xərcləri 4 233,3 mln. manat proqnoza qarşı 4 374,3 mln. manat olub.

Dövlət büdcəsi xərclərinin 29,1%-i və yaxud 1 271,9 mln. manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 108,1 mln. manat və yaxud 9,3% çoxdur.

Funksional təsnifata uyğun olaraq 2014-cü ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə müdafiə xərclərinə 38,8% (111,5 mln. manat), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət xərclərinə 31,0% (12,1 mln. manat), səhiyyə xərclərinə 18,6% (17,4 mln. manat), nəqliyyat və rabitə xərclərinə 16,0% (1,9 mln. manat), sənaye, tikinti və faydalı qazıntılar xərclərinə 12,2 % (233,6 mln. manat), mənzil və kommunal təsərrüfatı xərclərinə 56,4% (22,6 mln. manat), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinə 11,1% (20,7 mln. manat), təhsil xərclərinə 8,5 % (21,4 mln. manat), sosial müdafiə və sosial təminat 1,4% (7,4 mln. manat) vəsait yönəldilib.

Cari ilin ilk üç ayında dövlət əsaslı vəsait qoyuluşu xərclərindən elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına, yaşayış evlərinin və bu qəbildən olan digər sosial obyektlərin tikintisinə 731,3 mln. manat, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya infrastrukturlarının tikintisinə, yenidən qurulmasına və digər sahələrə 1457,1 mln. manat vəsait yönəldilib.

Hesabat dövründə icmal büdcənin gəlirləri 5 433,3 mln. manat, icmal büdcənin xərcləri isə 4 965,6 mln. manat icra olunmuşdur ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 1,2% və yaxud 59,6 mln. manat çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR