Azərbaycan bank sektoruna Rusiyadan 550 mln. dollar cəlb olunub

Azərbaycan bank sektoruna Rusiyadan 550 mln. dollar cəlb olunub
# 24 iyun 2014 12:35 (UTC +04:00)

Qəbələ. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan bankları Rusiya banklarından indiyədək 550 mln. dollar həcmində vəsait cəlb edib.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Rəşad Orucov Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forum çərçivəsində təşkil olunan dəyirmi masada çıxışı zamanı deyib.

R. Orucov bildirib ki, cəlb olunan 550 mln. dollardan 300 mln. dolları ölkəmizdə fəaliyyət göstərən iki “Bank VTB (Azərbaycan)”, “NIKOIL Bank” kimi Rusiya kapitalı olan bankların, digər 250 mln. dollar isə Azərbaycanın bank sektorunun o biri təmsilçilərinin payına düşür.

Bank sektorunda iki ölkə arasında mövcud olan əməkdaşlığa toxunan R. Orucov qeyd edib ki, Azərbaycanda Rusiyanın “Bank VTB (Azərbaycan)”, “NIKOIL” kimi bankları, o cümlədən 2010-cu ildən ölkəmizdə nümayəndəlik açan “Rosselxozbank” (Rusiyanın aqrar bankı) fəaliyyət göstərir.

Bununla yanaşı, o, “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) törəmə bankı olan “ABB-Moskva”nın Rusiyadalı uğurlu fəaliyyətinə diqqət çəkib.

AMB rəsmisinin sözlərinə görə, son 1 ildə Azərbaycandan Rusiyaya həyata keçirilən pul köçürmələrinin həcmi 300 mln. dollar təşkil etdiyi halda, əks istiqamət üzrə bu rəqəm 1 mlrd. dollara bərabər olub.

“Azərbaycanın bank sektoru xarici kapital üçün tam açıqdır. Ölkədə xarici kapitalı olan 22 bank fəaliyyət göstərir ki, onlardan 14-də xarici kapitalın payı 50%-dən çoxdur”, - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR