Ramil Usubov: “Daxili İşlər Nazirliyinin şəxsi heyətinin 40 faizi gənclərdir”

Ramil Usubov: “Daxili İşlər Nazirliyinin şəxsi heyətinin 40 faizi gənclərdir”
# 14 mart 2014 15:03 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Daxili İşlər Naziri (DİN) polis orqanlarında xidmətə qəbulla bağlı keçiriləm imtahanlarda yüksək nəticə göstərən gəncləri qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 14-də respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı keçirilən test imtahanlarında yüksək nəticələr qazanmış gəncləri qəbul edib.

Tədbiri giriş sözü ilə açan daxili işlər naziri qalibləri təbrik edərək son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət gənclər siyasətinin həyata keçirilməsində də böyük nailiyyətlərin qazanıldığını vurğulayıb. Qeyd olunub ki, qaydalara əsasən, test imtahanlarında 100 mümkün baldan 65 və daha çox bal toplamış 63, o cümlədən 26-sı ali hüquq, 37-si ali pedaqoji təhsilli gənc bu çətin sınaqdan uğurla çıxıb. Ramil Usubov test üsulu ilə müsabiqənin keçirilməyə başlandığı 2006-cı ildən indiyədək 555 nəfərin bu yolla daxili işlər orqanlarında zabit vəzifələrinə təyin edildiyini, ümumiyyətlə isə şəxsi heyətin 40 faizinin məhz gənclərdən ibarət olduğunu vurğulayıb.

Şabran Rayon Polis Şöbəsinə təhqiqatçı vəzifəsinə təyin olunan polis leytenantı Vüsal Ələkbərzadə gənc zabitlər adından çıxış edərək müsabiqənin, eləcə də test imtahanlarının aşkarlıq, şəffaflıq və obyektivlik şəraitində keçirilməsinə, gənclərə göstərilən ali diqqət və qayğıya görə ölkə Prezidentinə təşəkkürünü bildirib.

Tədbirə yekun vuran nazir, general-polkovnik Ramil Usubov “polis leytenantı” xüsusi rütbəsinin paqonlarını müsabiqənin qaliblərinə təqdim edərək həyatlarında ən əlamətdar günlərdən biri - zabit vəzifələrinə təyin olunmaları münasibətilə təbriklərini çatdırmış, çətin və şərəfli xidmətlərində uğurlar arzulamış, polis adını daim uca tutmağı, insan hüquq və azadlıqlarını nümunəvi qorumağı, vətəndaşların qəbuluna və müraciətlərinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR